Siyasət

23 Yanvar

ARDNF “AÇG” blokunun işlənməsi üzrə yeni müqaviləyə əsasən $450,2 milyon məbləğində üçüncü bonus alacaq

2020-ci il yanvarın sonunadək Dövlət Neft Fondu (ARDNF) 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli” (“AÇG”) blokunun işlənməsi üzrə yeni müqavilə çərçivəsində $450,2 milyon məbləğində üçüncü bonus alacaq. Bu barədə Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd olunur.

“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”ə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. 450,2 milyon dollar və ya 765 min manat məbləğində üçüncü bonus yanvar ayı ərzində ödənilməlidir”, - sənəddə qeyd edilir.

2018-2019-cu illərdə “AÇG” blokunun işlənməsi üzrə yeni müqaviləyə əsasən 900 milyon ümumi məbləğdə iki tranş ARDNF-yə ödənilib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.