Siyasət

22 Yanvar

2019-cu ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 24,2% artıb

2019-cu ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 10 milyard 417,8 milyon kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 24,2% çoxdur. Bu barədə “İagentliyinə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

“2019-cu ildə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 37,9%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - Komitədən bildirilir.

Bütövlükdə, 2019-cu ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 27 milyard 512,7 milyon kubmetr qaz (artım 17,1%) nəql edilib.

2018-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 8 milyard 386,9 milyon kubmetr təşkil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.