Siyasət

15 Yanvar

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının illik hesabat konfransı keçirilib

Yanvarın 15-də "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin illik hesabat konfransı keçirilib.

Təşkilatın İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, konfrans çərçivəsində təşkilat tərəfindən həyata keçirilən layihələr, ölkənin 50 regionundakı nümayəndəliklərdəki könüllü qrupları və onların fəaliyyətindən bəhs edilib. Reallaşdırılan layihələrdən faydalanan gənclərin fikirləri və könüllülərin fəaliyyətləri əsasında toplanmış statistik məlumatlar müzakirə olunub.

Sonra təşkilatın idarə heyətinin üzvləri çıxış edərək, dünyada aqrar sahənin prioritet istiqamət olduğunu, Azərbaycanda da kənd təsərrüfatına xüsusi dövlət dəstəyinin göstərildiyini bildiriblər.

Daha sonra konfransın gündəliyinə uyğun olaraq idarə heyətinin yekdil qərarı ilə Kamran Əliyev “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının yeni sədri seçilib.

Yeni sədr çıxış edərək son illər bu sahədə ciddi inkişafı, Prezident İlham Əliyevin gənclərə və könüllülər sektoruna göstərdiyi xüsusi diqqəti vurğulayıb. Kamran Əliyev 2020-ci ilin "Könüllülər ili" elan edilməsinin gənclərə yeni imkanlar açdığını qeyd edib, onları daha səylə çalışmağa səsləyib.