Siyasət

15 Yanvar

Bu xarici şirkət Azərbaycanda qiymətli metal hasilatını 1,1% azaldıb

Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2019-cu ildə 82,795 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,1% azdır. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkətin məlumatına görə, 2019-cu ildə “Anglo Asian Mining plc” tərəfindən 70,098 min unsiya qızıl (2018-ci illə müqayisədə azalma 4%), 2,21 min ton mis (artım 34%), 159,356 min unsiya gümüş (azalma 24,2%) hasil olunub.

Həmçinin, hesabat dövründə 11,874 min ton mis konsentratı hasil olunub (artım 35,4%).

“2019-cu ildə “Gədəbəy” yatağından 64,151 min unsiya qızıl (azalma 2,2%) hasil edilib. Bu həcmdən unsiyası $1,41 min məbləğində 54,062 min unsiya qızıl (azalma 9,1%) şirkət tərəfindən dünya bazarında satılıb”, - məlumatda qeyd olunur.

2019-cu ildə şirkət tərəfindən $17,861 mln. məbləğində 10,264 min ton mis konsentratı satılıb.

Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə şirkət 82-86 min unsiya qızıl ekvivalentində əlvan metalların hasilatını nəzərdə tutur. Bunun 65,-67,5 min unsiya həcmi qızılın payına düşəcək.

Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.“Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağında qızıl hasilatına başlayıb.