Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 215,61 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8% azdır.
Fins.az-ın Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 234,38 mln. barel yaxın neft nəql edilib.
BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.