Siyasət

24 Dekabr

Azərbaycan 2020-ci ildə qeyri-neft ixracının təşviqinə 20 milyon manat yönəldəcək

Azərbaycan hökuməti 2020-ci ildə qeyri-neft ixracının təşviqi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 20 milyon manat yönəltməyi planlaşdırır.

“2020-ci ildə qeyri-neft ixracının təşviqi və stimullaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 20 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisindən 4,2% çoxdur”, - deyə 2020-ci il üçün büdcə materiallarında bildirilir.

2016-cı ilin oktyabr ayında Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı təsdiq edib. Hökumətin qərarına əsasən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-ni təşkil edir. Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edirlər.

Nazirlər Kabinetinin qərarına əsasən mallara aşağıdakı əmsallar tətbiq olunur: bal – 1,5, qurudulmuş meyvələr – 1,5, xurma – 1, nar – 1, unlu qənnadı məmulatları – 1,5, sirkə və ya sirkə turşusundan istifadə olunub-olunmamasından asılı olaraq konservləşdirilmiş meyvə və tərəvəz – 1,5-2, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası – 2, meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi – 2, souslar və ədviyyatlar – 2, təbii və ya süni mineral sular, qazlı sular - 1,5, alkoqolsuz içkilər – 1,5, şərab və digər spirtli içkilər – 2, Naftalan mazı – 2, təbii dəridən geyim əşyaları və digər məmulatlar – 2, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları – 2, ipək – 1,5, xalça – 2, yumurta (quşçuluq) - 1,5, fındıq ləpəsi - 1, zeytun yağı və onun fraksiyaları - 1,5, nar şərabı daxil olmaqla meyvə şərabları (üzüm şərabı istisna təşkil edir) - 2.