Siyasət

18 Dekabr

Ölkədə enerji dayanıqlılığı daim təmin ediləcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilir. Keçən il iyulun 3-də baş verən qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya proqramı” da uğurla yerinə yetirilir

Proqram çərçivəsində “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında mövcud gücün daha da artırılması məqsədilə yenidənqurma işləri aparılıb, bundan əlavə, “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 6 saylı enerji blokunda kompleks təmir sayəsində 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulub, turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kilovoltluq hava xətləri, əks qəza avtomatikası müasirləşdirilib. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilib.

“Reabilitasiya proqramı” çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılıb. Bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən yarımstansiyalar yenidən qurulub.

Adıçəkilən proqrama müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə davam etdirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.

Burada bir məqamı da qeyd edək. 2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə”nin bazasında ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlər həyata keçirilib, infrastruktur müasirləşdirilib, qabaqcıl texnologiyaların tətbiqi diqqətdə saxlanılıb.

Ümumiyyətlə, ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilən strateji vəzifələrə müvafiq olaraq “Azərenerji” ASC ötən illər ərzində istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş aparıb. Son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qaldırılıb.

Bütün bunlar barədə Prezident İlham Əliyev tərəfindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbulunda ətraflı bəhs edilib. Dövlətimizin başçısı söhbətində ölkəmizdə elektrik enerjisi istehsalının, istehsal güclərinin artdığını bildirərək, deyib: “Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır. Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir”.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev stansiyanın fəaliyyəti ilə bağlı məlumat verərək, “Şimal-2” ES-nin Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214- 216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiya olduğunu, qənaət rejimində işlədiyini, faydalı iş əmsalının 57,4 faiz təşkil etdiyini, il ərzində burada 3,2 milyard kilovat-saat enerji istehsal olunduğunu, hazırda isə tam gücü ilə 380 meqavat güclə fəaliyyət göstərdiyini vurğulayıb.

Qəbulda “Azərbaycan” İES-in təmir-bərpa işlərinin indiki vəziyyəti barədə də danışılıb. Bildirilib ki, beş blokda yenidənqurma işləri artıq başa çatıb. Bundan başqa, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu isə qəzaların qarşısını tamamilə almağa kömək edəcək.

Bizim indi generasiya gücümüz daxili tələbatdan daha böyük həcmdə istehsal olunur. Bu da təbiidir. Çünki həmişə bizdə ehtiyat olmalıdır və eyni zamanda, yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir. 

 İlham ƏLİYEV  Azərbaycan Respublikasının Prezidenti

“Azərenerji” ASC-nin prezidenti söhbət zamanı daha sonra deyib: “Ulu öndər “Azərbaycan” İES-in təməlini qoydu. Çox çətinliklə də olsa, sovetlər birliyindən bu layihəni alıb Azərbaycanda yerləşdirməyə nail oldu. Siz də bu stansiyaya ikinci həyat verdiniz. Bu, Mingəçevir camaatında həqiqətən çox böyük ruh yüksəkliyi yaradıb. “Azərbaycan” İstilik Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında 1600 nəfərdən çox adam işləyir. Onlar ümidlərini itirmişdilər ki, yəqin, bunun dövrü artıq bitib, bundan sonra 3 il, 5 il iş yeri olmayacaq. Bugünkü vəziyyəti görürlər və bilirlər ki, həqiqətən orada hələ 20-30 il də işləmək mümkün olacaq”.

Qəbulda dövlətimizin başçısına sözügedən İES-də artıq 200 meqavatın bərpa olunduğu, yay rejimində həmin göstəricinin 400 meqavat, qışda isə təqribən 500-550 meqavat təşkil edəcəyi barədə məlumat verilib. Bildirilib ki, stansiyanın həm soyutma sistemi, həm də bütün kimyəvi reagentlər olan sahəsi tamamilə yenidən qurulub. İES-də bloklar, generator, turbin və qazanlar tamamilə yeniləşdirilib, köməkçi qurğu və binalar isə demək olar ki, sıfırdan tikilməyə başlanılıb.

Prezident İlham Əliyevin metro stansiyalarında generatorların quraşdırılması ilə əlaqədar sualına isə “Azərenerji”nin rəhbəri deyib: “Bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhviltəslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”.

Qəbulda bərpaolunan enerji növlərinin yaradılması, bu sahəyə xarici investorlar tərəfindən də böyük maraq göstərilməsi, Azərbaycanda dövlət xətti ilə yaradılan külək elektrik stansiyasının fəaliyyəti, daxili tələbatın artması nəticəsində yeni güclərin işə salınması zərurətinin qarşıya çıxması məsələləri ətrafında da danışılıb.

Prezident İlham Əliyev sonda gələn il də “Azərenerji”nin kollektivinin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcəyinə və Azərbaycanda enerji dayanıqlılığının daim təmin ediləcəyinə əminliyini diqqətə çatdırıb.