Azərbaycanda fermerlərə dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi barədə regionlarda görüşlər davam edir.
Finss.az xəbər verir ki, bu tədbirlər çərçivəsində fevralın 11-də Aqrar Sığorta Fondunun nümayəndələri Ucar rayonundakı fermerlər və təsərrüfat nümayəndələri ilə görüş keçiriblər.
Aqrar Sığorta Fondu və Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə keçirilən tədbirdə aqrar sığorta mexanizmi, onun fayda və üstünlükləri barədə geniş məlumat verilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vaqif Mehdiyev rayonda kənd təsərrüfatının durumu, fermerlərin qayğıları, eləcə də təsərrüfatlara zərər vuran hadisələr barədə məlumat verib. Aqrar sığortanın dövlət sığortası olduğunu və əksər riskləri qarşıladığını xatırladan V. Mehdiyev fermerləri bu imkandan istifadə etməyə çağırıb.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İdayət Zeynalov çıxışında bildirib ki, Fondun fermerlərə zərər ödənişləri ildən-ilə artmaqdadır. Təkcə 2025-ci ildə fermer və təsərrüfatlara 9,2 milyon manat ödəniş edilib ki, bunun 8,8 milyon manatı bitkiçilik, 40 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib.
Tədbirdə bildirilib ki, Mərkəzi Aran regionuna daxil olan Ucar ölkədə aqrar sığorta haqlarının ən əlçatan olduğu rayonlardandır. Belə ki, rayonda 1000 manatlıq buğda məhsulunun sığortalanması cəmi 7,4 manata, 1000 manatlıq arpanın sığorta haqqı isə cəmi 9,5 manata başa gəlir. 1 hektar məhsulun əkilməsi və ona qulluq xərclərinin minimum 600–700 manat olduğunu nəzərə aldıqda, sığorta haqqı bu məbləğin təxminən 1 faizi həddindədir.
Aqrar sığorta əkin sahələrini təbiət hadisələrindən — dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumlarından qoruyur. Təsərrüfatlar bu hallardan zərər gördükdə Aqrar Sığorta Fondu dəymiş zərəri qarşılayır. Bildirilib ki, Ucar rayonunda baş vermiş hadisələr nəticəsində 190 min manata qədər ödəniş həyata keçirilib. Bunun 115 min manata yaxın hissəsi bitkiçilik, 75 min manatı isə heyvandarlıq sığortası üzrə verilib.
Rayonda əkin sahələrinə əsas zərər arpa və çəltik sahələrinə dəyib. Bunun səbəbi isə fırtına, sel-subasma, üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumu olub. Heyvandarlıq təsərrüfatlarına isə yoluxucu xəstəliklər nəticəsində zərər dəyib və bu zərərlər Aqrar Sığorta Fondu tərəfindən qarşılanıb.
Tədbirdə qeyd edilib ki, dövlət dəstəyi sayəsində heyvandarlıq sığortası da fermerlər üçün əlçatandır. Belə ki, 1000 manatlıq iri buynuzlu mal-qaranın sığortalanması fermerlərə cəmi 24 manata, 300 manatlıq xırda buynuzlu heyvanın (qoyun və ya keçi) sığortası isə cəmi 7 manata başa gəlir.
Görüşdə fermerlər aqrar sığorta ilə bağlı çoxsaylı suallar ünvanlayıb, təsərrüfat sahibləri xüsusilə üçüncü şəxslərin hərəkətləri, o cümlədən əkin sahəsinə mal-qaranın vurduğu zərərin ödənişi ilə maraqlanıblar. Məlumat verilib ki, belə hal olarsa, əkin sahəsinə dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır, sonradan isə həmin məbləğ təsərrüfata zərər vurmuş heyvanların sahibindən tələb edilir. Bu qayda əkin sahələrinin qorunması ilə yanaşı, fermerin mübahisəyə və məhkəməyə vaxt itirməməsinə də imkan verir.
Xatırladaq ki, aqrar sığortada 50%-lik dövlət dəstəyi tətbiq edilir, yəni sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır. Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.








