İcbari Sığorta Bürosu yeni layihələrlə sığorta sektorunu elektronlaşdırır və sərnişinlərin fərdi qəza sığortasını genişləndirir.
Finss.az xəbər verir ki, bu barədə İSB-nin İcraçı direktoru Vüsal Məsiyev 2025-ci ildə büronun icra etdiyi strateji layihələr üzrə hesabat təqdim edərkən məlumat verib.
V.Məsiyev bildirib ki, 2025-ci ildə İSB bir neçə yeni layihə üzərində işləyərək sığorta sektorunda innovativ yanaşmaları tətbiq edib, məqsəd vətəndaşların təhlükəsizliyini artırmaq və sığorta proseslərini daha əlçatan etməkdir:
"“Hadisələrin Xəritəsi” layihəsi çərçivəsində büro Mərkəzi Bankla birgə respublika üzrə riskli hadisələrin xəritəsini hazırlayır. Toplanmış məlumatlar sığorta şirkətləri və dövlət qurumları üçün analitik resursa çevriləcək, məqsəd əmlaka və sağlamlığa dəyən zərərləri minimuma endirmək və riskli hadisələrin sayını azaltmaqdır.
İSB həmçinin sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yeni layihələr həyata keçirir. Bu təşəbbüslər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə hazırlanıb və avtomobil, dəmir yolu və hava nəqliyyatını əhatə edir. 2025-ci ildə sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 147 min manat sığorta haqqı toplanıb, 82 min manat sığorta ödənişi həyata keçirilib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 16,2% və 22,8% artım göstərir. Ötən il hər 100 manat sığorta haqqından 56,2 manatı ödəniş kimi geri qaytarılıb (2023-cü ildə 53,2 manat)".
V.Məsiyev qeyd edib ki, elektronlaşma sahəsində İSB-nin fəaliyyəti hazırda təxminən 70% elektronlaşdırılıb:
"2025–2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyasında “kağızsız büro” hədəfi nəzərdə tutulub və 2027-ci ilin sonunadək büronun bütün proseslərinin tam kağızsız formada aparılması planlaşdırılır".
İSB-nin İcraçı direktoru vurğulayıb ki, İSB-nin bu təşəbbüsləri ölkədə icbari sığorta bazarının inkişafına, sığorta proseslərinin şəffaf və operativ həyata keçirilməsinə və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir.
Fuad Mədətov
Finss.az
