Azərbaycanda icbari sığortalanan obyekt və mənzillərin sayı 200 mini ötüb.
Finss.az xəbər verir ki, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Rəqəmsal Həllərin İnkişafı Departamentinin rəhbəri İslam İsmayılov 2025-ci ildə büro tərəfindən icra olunmuş strateji layihələr üzrə hesabatını media nümayəndələrinə təqdim edib.
Onun sözlərinə görə, cari ilin sonuna icbari sığorta mexanizmi çərçivəsində sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb:
- Daşınmaz əmlakın istismarı üzrə icbari sığorta (DAİMMİS) – 22 min şəhadətnamə
- Daşınmaz əmlakın icbari sığortası (DAİS) – 192 min 355 şəhadətnamə
- Standart icbari avtonəqliyyat sığortası – 1 milyon 617 min 677 şəhadətnamə
- Sərhəd sığortası – 45 min 275 şəhadətnamə
- “Yaşıl Kart” sığortası – 6 min 547 şəhadətnamə
- Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) – 200 şəhadətnamə
Bundan əlavə, İ.İsmayılov İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi – www.isb.az – media nümayəndələrinə təqdim edib. O bildirib ki, saytın yeni dizaynı və təkmilləşdirilmiş strukturu istifadəçilərə daha rahat, çevik və funksional platforma təqdim edir.
Yenilənmiş veb səhifədə naviqasiya sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb və Azərbaycan və ingilis dillərində istifadəyə imkan verilib. Eyni zamanda “Şəxsi kabinet” dizaynı yenilənib və funksionallığı genişləndirilib.
Saytda dörd yeni elektron xidmət istifadəyə verilib:
- Bonus-Malus əmsalı üzrə onlayn müraciət
- Radar cəriməsi üzrə onlayn müraciət
- Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət
- Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üçün onlayn müraciət
İ.İsmayılov qeyd edib ki, bu yeniliklər xidmətlərin daha operativ və səmərəli göstərilməsinə imkan yaradır.
Fuad Mədətov
Finss.az
