SIĞORTA

11 Fevral

İcbari Sığorta Bürosu investisiya portfelindən 6,5 milyon manat gəlir əldə edib

İcbari Sığorta Bürosu 2025-ci ildə strateji layihələrini uğurla icra edərək sığorta sorğularını 97% azaldıb və investisiya portfelinin gəlirliliyini artırıb.

Finss.az xəbər verir ki, İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatını media nümayəndələrinə təqdim edib.

Onun sözlərinə görə, İSB 2025–2027-ci illər üçün hazırlanmış inkişaf strategiyası çərçivəsində 14 təşəbbüs və 66 fəaliyyət planlaşdırıb. 2025-ci il ərzində 7 fəaliyyət tamamlanıb, 39 layihədə işlər davam edir.

X.Camalova bildirib ki, büroya daxil olan sığorta sorğularında əhəmiyyətli azalma qeydə alınıb:

“Üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələri üzrə "Forma 4" məlumatlarının elektron sorğulanması layihəsi tamamlanıb. Nəticədə aylıq sorğuların sayı təxminən 600-dən 15–20-yə enib, yəni 97% azalma müşahidə olunub”.

Departament rəhbəri onu da bildirib ki, İSB dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelində uğurlu nəticələr əldə edib:

“Azərbaycan Mərkəzi Bankı kompensasiya ödənişləri və subroqasiya mexanizmlərinin effektiv qurulması üçün qaydalar hazırlayıb. Bu, investisiya portfelinin dəyərinin artmasına səbəb olub. Hədəf 5,9 milyon manatlıq gəlir 6,5 milyon manat səviyyəsində icra olunub”.

Hesabat göstərir ki, İSB 2025-ci ildə həm strateji təşəbbüslərin icrasında, həm də sığorta məlumatlarının elektronlaşdırılması və maliyyə portfelinin gəlirliliyinin artırılmasında mühüm uğurlar əldə edib.

Fuad Mədətov
Finss.az