2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda əmlak sığortası növləri üzrə toplanan sığorta haqları 216,6 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon manat və ya 7,4% artım deməkdir.
Hesabat dövründə əmlak sığortası üzrə sığorta ödənişləri də yüksəlib. Belə ki, ödənişlər 7,8 milyon manat və ya 23,8% artaraq 40,6 milyon manata çatıb.
Nəticə etibarilə, cari ilin ilk 11 ayında əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 18,7 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, yanvar–noyabr aylarında ölkədə sığorta şirkətlərinin xətti ilə ümumilikdə 1 milyard 365 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 143,2 milyon manat və ya 11,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da illik müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
