2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqlarının həcmi 331,3 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 7% artım deməkdir.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin həcmi də yüksəlib. Belə ki, ödənişlər 5,7 milyon manat və ya 4,5% artaraq 131,7 milyon manata çatıb.
Nəticədə, cari ilin ilk 11 ayında icbari sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 39,7 manatı müştərilərə ödəniş şəklində geri qaytarılıb.
Qeyd edək ki, yanvar–noyabr aylarında ümumilikdə sığorta şirkətləri tərəfindən 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 143,2 milyon manat və ya 11,7% çoxdur.
Eyni zamanda, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da illik müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
