SIĞORTA

05 Yanvar

Azərbaycanda həyat sığortası üzrə yığımlar artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda həyat sığortası növləri üzrə toplanan sığorta haqlarının həcmi 773,9 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 107,1 milyon manat və ya 16,1% artım deməkdir.

Hesabat dövründə həyat sığortası növləri üzrə həyata keçirilən ödənişlər də artıb. Belə ki, ödənişlərin həcmi 145 milyon manat və ya 32,2% çoxalaraq 595,7 milyon manata çatıb.

Nəticədə, cari ilin ilk 11 ayında həyat sığortası bazarında toplanan hər 100 manat sığorta haqqının 75,7 manatı müştərilərə ödəniş şəklində geri qaytarılıb.

Qeyd edək ki, yanvar–noyabr aylarında ümumilikdə sığorta şirkətləri tərəfindən 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 143,2 milyon manat və ya 11,7% çoxdur.

Eyni zamanda, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da illik müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az