2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 34 milyon manat sığorta haqqı toplanılıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 121,5 milyon manat və ya 13,3% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta ödənişləri 145 milyon manat və ya 25,5% artaraq 713,1 milyon manata çatıb. Bununla da 11 ay ərzində könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69 manatı müştərilərə geri ödənilib.
Ümumilikdə isə bu ilin yanvar–noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 1 milyard 365 milyon manat sığorta haqqı yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 143,2 milyon manat və ya 11,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə ölkə üzrə sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% çoxdur.
Fuad Mədətov
Finss.az
