“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində ölkə xaricinə iri məbləğdə sığorta ödənişi həyata keçirilib.
Finss.az xəbər verir ki, 161 020,85 manat (81 418,24 avro) məbləğində vəsait Almaniyanın Hess şəhərində baş vermiş yol-nəqliyyat hadisəsinə görə ödənilib. Hadisə Azərbaycan Yaşıl Kartına malik, Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri nəticəsində baş verib.
İSB bildirir ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan Yaşıl Kartı ilə xarici ölkələrdə 336 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Almaniya, Belçika və Bolqarıstanda baş verib. Müvafiq sığorta ödənişlərinin ümumi məbləği 804 290 manat təşkil edib.
Qeyd olunur ki, Yaşıl Kart Sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat mexanizmidir. Sistem yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada tənzimlənməsini təmin edir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və bu sistemdə Azərbaycanı təmsil edir. 2023-cü il yanvarın 1-dən etibarən Gürcüstan və Qazaxıstan qeydiyyat nişanlı avtonəqliyyat vasitələri üçün də Azərbaycan Yaşıl Kartlarının satışı mümkün olub.
Fuad Mədətov
Finss.az
