SIĞORTA

25 Noyabr

İSB seçkilərdə qalib gəldi: Azərbaycan Yaşıl Kart sistemində daha geniş təmsil olunacaq

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Belçikanın Brüssel şəhərində yerləşən Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsinə (Internal Regulations Committee) növbəti dövr üçün keçirilən seçkilərdə uğurla iştirak edib.

İSB-dən Finss.az-a verilən məlumata görə, seçkilərin nəticələrinə əsasən, İSB 11 səsdən 8-ni qazanaraq Cənub-Şərq Regional Qrupu üzrə Komitədə təmsil olunmaq hüququ əldə edib.

Daxili Reqlamentlər Komitəsi Yaşıl Kart sistemində bütün büroların qarşılıqlı fəaliyyətini, iş prinsiplərini və prosedurlarını tənzimləyən, həmçinin sistem üzrə qaydaların təkmilləşdirilməsini həyata keçirən strateji komitələrdən biridir. Bu təmsilçilik İSB-nin beynəlxalq əməkdaşlığının genişlənməsinə və Yaşıl Kart sistemi üzrə proseslərin daha effektiv koordinasiyasına töhfə verəcək.

Qeyd edək ki, Bürolar Şurası avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyasıdır və eyni zamanda Yaşıl Kart Sisteminin inzibatçılığı və fəaliyyəti üzrə məsul olan idarəedici təşkilatdır. Şuranın əsas məqsədi Yaşıl Kart Sistemində üzv ölkələrdə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin müdafiəsini təmin etməkdir.

İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin 1 yanvarından etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan Yaşıl Kartlarının satışı həyata keçirilir.

Fuad Mədətov
Finss.az