Finss.az - Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında daxili ticarətin ümumi dövriyyədəki payı son illərdə əhəmiyyətli şəkildə artaraq 3%-dən 7%-ə yüksəlib.
Bu barədə TDT rəsmisi Fərid Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin müraciətini Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında səsləndirərkən bildirib.
F.Məmmədov bildirib ki, türk dövlətlərinin iqtisadi potensialı sürətlə böyüyür: “2024-cü ildə ümumi ÜDM 2,1 trilyon ABŞ dolları, ümumi ticarət dövriyyəsi isə 1,1 trilyon dollar olub. Ötən il üzv ölkələr arasında daxili ticarət 85 milyard dollar təşkil edib. Bu artım gələcək inteqrasiyanın əsasını qoyur.”
O, həmçinin TDT tərəfindən iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaradılmış mühüm mexanizmləri vurğulayıb:
- 600 milyon dollarlıq Türk İnvestisiya Fondu
- Türk Ticarət və Sənaye Palataları İttifaqı
- Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi
- Xidmətlər və İnvestisiyalar üzrə Azad Ticarət Sazişi layihəsi
F.Məmmədovun sözlərinə görə, bu addımlar türk dövlətləri arasında maliyyə inteqrasiyasını gücləndirəcək, yeni biznes imkanları yaradacaq və regionun iqtisadi dayanıqlığını artıracaq.
Fuad Mədətov
Finss.az