SIĞORTA

15 Sentyabr

2030-cu il üçün 50 milyard dollar sığorta haqqı və 5% bazar payı hədəfləyirik - Uğur Gülen

Finss.az – Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin ikinci panelində Türkiyə Sığorta Birliyi (TSB) Prezidenti Uğur Gülen çıxış edərək, tədbirin yalnız bir görüş olmadığını, həm də gələcəyin təminatına xidmət edən bir yolun başlanğıcı olduğunu vurğulayıb.

Gülen bildirib ki, 2022-ci ildə yaradılmış Türk Dünyası Sığorta Birliyi artıq Şuşada real layihəyə çevrilib və bu birlik yalnız coğrafi deyil, həm də qəlblər arasında körpülər qurur.

O, Türkiyə sığorta sektorunun iqtisadi gücünü açıqlayaraq bildirib ki, sektor hazırda 22 trilyon dollar təminat, 72,5 milyard dollar aktiv, 8,1 milyard dollar özkapital və 2024-cü ildə ödənilmiş 2,2 milyard dollar vergi ilə ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir. Həmçinin sektor, 50 milyard dollarla Türkiyənin ən böyük korporativ investoru hesab olunur.

Gülen gələcək hədəflərdən danışaraq qeyd edib ki, sığorta sektoru 2030-cu il üçün 50 milyard dollar brüt sığorta haqları5% bazar payı hədəfləyir. Hazırda sektor isə 27 milyard dollar sığorta haqqı yığır.

O, sığortanın yalnız maliyyə aləti olmadığını, həm də etimad, vicdan və dayanışmanın göstəricisi olduğunu vurğulayıb: “Bu bilik və təcrübəni qardaş coğrafiyalara çatdırmaqdan qürur duyuruq. Birlik sayəsində həm fəlakətlərə qarşı müqavimət göstərəcəyik, həm də rəqəmsal sığorta ilə hər vətəndaşa çata biləcəyik.”

Gülen gələcək prioritetləri barədə də açıqlama verib: yaşıl maliyyə, davamlılıq və iqlim dəyişməsinə uyğunlaşma, gənclərin sektora cəlb olunması və universitetlərlə əməkdaşlığın gücləndirilməsi əsas fokus sahələridir.

“Türk Dünyası olaraq birlikdə daha güclüyük və birlikdə daha ümidliyik. Bu mirası gələcəyə daşımaq və uşaqlarımız üçün etibarlı bir sabah yaratmaq bizim borcumuzdur,” – deyə Gülen çıxışını yekunlaşdırıb.

Fuad Mədətov
Finss.az