SIĞORTA

20 İyun

“Atəşgah Həyat” Sığorta Şirkətində rəhbərlik dəyişikliyi baş verib

Finss.az - 12 may 2025-ci il tarixində “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının tərkibində dəyişiklik edilib.

Qərara əsasən, Xəlilov Namiq Cəlil oğlu Direktorlar Şurasının müstəqil üzvü və eyni zamanda Şuranın sədri vəzifələrinə təyin olunub.

Namiq Xəlilov maliyyə və sığorta sahəsində zəngin təcrübəyə malik peşəkar kimi tanınır. O, müxtəlif illərdə dövlət sığorta nəzarəti orqanlarında və Maliyyə Nazirliyində mühüm vəzifələrdə çalışıb. Belə ki, 2006–2009-cu illərdə Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin rəisi, 2009–2011-ci illərdə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini, 2011–2016-cı illərdə isə həmin qurumun rəisi vəzifələrində fəaliyyət göstərib. 2016–2018-ci illərdə isə Maliyyə Nazirinin müşaviri olub.

2022-ci ildən etibarən “Atəşgah” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərən Namiq Xəlilov bu müddət ərzində şirkətin strateji idarəçiliyində fəal rol oynayıb. O, qəbul olunan qərarlarda iştirak etməklə yanaşı, sığorta savadlılığının artırılması istiqamətində də önəmli töhfələr verib.

Yeni təyinatın şirkətin gələcək inkişaf strategiyasına müsbət təsir göstərəcəyi gözlənilir.