Finss.az — Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 fevral 2024-cü il tarixli qərarı ilə “Sığortaçılarda korporativ idarəetmə Standartları”nda mühüm dəyişikliklər təsdiqləyib.
Qurumun sədri Taleh Kazımov yeni qərarı imzalayaraq, sığortaçıların fəaliyyətində şəffaflıq və məlumatların açıqlanması ilə bağlı yeni qaydaları müəyyən edib.
Qərara əsasən, sığortaçıların qərar qəbuletmə prosesində istifadə olunan və ictimaiyyətə açıqlanan məlumatlar adekvat, hərtərəfli, etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Bu məlumatların mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq və müqayisəlilik prinsiplərinə tam uyğun gəlməsi təmin olunacaq. Həmçinin, açıqlanan məlumatlarda şəffaflıq və kommersiya maraqları arasında balans qorunmalı, qanunla qorunan sirr informasiyalar isə gizli saxlanmalıdır.
Yeni tələblər çərçivəsində, sığortaçılar fəaliyyət hesabatlarını illik əsasda hazırlayaraq, beş ay ərzində internet səhifələrində açıq və əlçatan formada yayımlamalıdır. Fəaliyyət hesabatında sığortaçıların ödəmə qabiliyyəti, maliyyə vəziyyəti və bazar davranışları haqqında geniş məlumatlar yer alacaq. Rüblük əsasda isə sığortaçılar müxtəlif maliyyə və korporativ idarəetmə cədvəllərini “Excel” və ya digər ixrac oluna bilən formatda internet səhifələrində yerləşdirməlidir.
Qərar həmçinin, fəaliyyət hesabatlarında baş verən mühüm dəyişikliklərin dərhal yenilənməsini və məlumatların ən azı 5 il müddətində rəsmi sayt vasitəsilə saxlanmasını tələb edir. İctimaiyyətə açıqlanan məlumatlar həmçinin media vasitələri ilə də yayıla bilər.
Qərarda, açıqlanan məlumatların məsul şəxsləri kimi sığortaçıların İdarə Heyətinin sədri və baş maliyyə inzibatçısı göstərilib.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamenti qərarın 3 iş günü ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin edəcək.
Bu dəyişikliklər sığorta sektorunda korporativ idarəetmənin şəffaflığını artıraraq, bazar iştirakçılarının və ictimaiyyətin məlumatlandırılmasını daha da təkmilləşdirəcək.