SIĞORTA

02 İyun

Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub

Finss.az - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub. Tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə “Ümid Yeri”, “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində keçirilib. Aksiyada ümumilikdə 119 nəfər iştirak edib.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə uşaq və yeniyetmələr, həmçinin sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub. Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 11 saylı Uşaq poliklinikası və 4 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim heyəti cəlb edilib.

Aksiya çərçivəsində sığınacaq sakinləri pediatr, otorinolarinqoloq, cərrah, nevroloq, oftalmoloq, kardioloq, dermatoloq, ginekoloq, radioloq və psixiatr tərəfindən müayinə ediliblər. Müayinədən keçən şəxslərin bəzilərində xroniki tonzillit, ürək ritminin pozulması, ginekoloji, endokrinoloji və oftalmoloji problemlər aşkarlanıb. Eyni zamanda ümumi sağlamlıq vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də aparılıb. Laborator analizlərin nəticələrinə əsasən sakinlərin əksəriyyətində vitamin D defisiti müşahidə olunub.

Bəzi hallarda müayinə nəticələrinə əsasən əlavə tibbi xidmətlərə - müalicə və əməliyyata ehtiyac yaranıb. Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə yönləndirilib və həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.

Qeyd edək ki, Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.

Zemfira Ms
Finss.az