SIĞORTA

28 Aprel

Azərbaycanda əmlak sığortası üzrə yığımlar və ödənişlər artıb

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətləri 52,7 milyon manat sığorta haqqı toplayıb.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı hesabata əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 307 min manat və ya 0,6% artıb.

Eyni dövrdə əmlak sığortası üzrə ödənişlərin həcmi 8,5 milyon manat olub, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 1,2 milyon manat və ya 16,4% çoxdur. 2024-cü ilin birinci rübündə əmlak sığortası üzrə yığımlar 52,4 milyon manat, ödənişlər isə 7,3 milyon manat olmuşdu.

Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur. Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 7% artım deməkdir.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.

Fuad Mədətov
Finss.az