SIĞORTA

24 phrase_var_core.april

Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir

Azərbaycanda pambıq sahələrinin sığortası mövsümü başlayıb.

Finss.az xəbər verir ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortasına start verilib.

Fermerlər dövlətin 50%-lik sığorta haqqı dəstəyindən istifadə etməklə pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.

Pambıq - Azərbaycanın 20-yə yaxın rayonunda becərilən əsas kənd təsərrüfatı bitkilərindəndir. Toxuculuq sənayesində əsas xammal olmaqla yanaşı, pambıq Azərbaycandan xaricə ixrac edilən əsas qeyri-neft məhsullarından biridir və onun ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyəti var.

Hazırda Azərbaycanda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq tarlalarının böyük hissəsi Mil Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarının payına düşür. Ölkənin əsas pambıqçılıq rayonları Sabirabad - 13,9 min hektar, Saatlı – 13,7 min hektar, Ağcabədi – 13,3 min hektar, Salyan – 11 min hektar, Bərdə – 10,2 min hektar və sairləridir.

Pambıq əkinləri bölgə əhalisinin iqtisadi vəziyyətinə də təsir edir. Hazırda 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur. Fermer ailələrinin iqtisadi vəziyyəti, rifah halı böyük dərəcədə məhz pambığın gətirdiyi gəlirlərdən asılıdır.

Amma müxtəlif hadisələrin pambıq sahəsinə vurduğu zərər nəticəsində fermerlər gəlirlərini itirə, hətta böyük borc yükü ilə üzləşə bilərlər.

Pambıq əkinlərinə ən çox zərər vuran hallar dolu, sel-subasma və leysan yağış hadisələridir. Dövlət dəstəkli aqrar sığorta bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə ödənişlər edilib.

Aqrar sığorta pambıq sahələrinə təbii fəlakətlər - dolu, fırtına-qasırğa, sel-subasma, leysan yağışları, eləcə də yanğın, vəhşi heyvnaların hücumu, 3-ci şəxslərin hərəkətləri və sair hallar nəticəsində dəyən zərərləri qarşılayır.

Pambıq sahəsini sığorta etmək cüzi məbləğə başa gəlir - ölkənin əksər ərazilərində 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat ətrafında dəyişir.

Pambıq sahələrinin sığortası ildən-ilə artmaqdadır.

Belə ki, 2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edildiyi halda, 2024- cü ildə sığortalanan pambıq əkinlərinin sahəsi 2 dəfə artaraq 29 min hektara yaxınlaşıb.

Sığortalı sahənin həcmi ilə yanaşı, pambıq becərən fermerlərə sığorta ödənişləri də sürətlə artır. 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə təqribən 4 min hektar əraziyə dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 880 min manatdan artıq sığorta ödənişi edilib.

Son illər ərzində olduğu kimi, bu il də qeyri-sabit hava şəraiti və təbiət hadisələrinin sayının artması gözlənilir. Bunun nəzərə alaraq Aqrar Sığorta Fondu fermerləri pambıq sahələrini vaxtında sığorta etməyə çağırır.

Pambığı nə vaxt sığorta etmək lazımdır?

Aprel ayında əkini başlayan pambıq bitkisinin sığorta dövrü aprel-may aylarıdır. Məhsulu vaxtında sığorta etmək onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.

Zemfira Ms
Finss.az