SIĞORTA

23 Aprel

Azərbaycan və Türkiyə tibbi sığorta sahəsində əməkdaşlığı dərinləşdirir

Finss.az - Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Raci Kayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev ilə görüş keçirilib.

Qonaqları Azərbaycanda qəbul etməkdən məmnunluq duyduğunu bildirən Zaur Əliyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Aramızdakı əməkdaşlıq təkcə işgüzar əlaqələrdən ibarət deyil – bu münasibətlər səmimiyyətə, qarşılıqlı inama və ortaq dəyərlərə əsaslanır. Agentlik və SGK arasında imzalanan Anlaşma Memorandumu artıq 4 ildir ki, icra olunur. Builki fəaliyyət planı tibbi yardımın maya dəyərinin hesablanması, əhalinin icbari tibbi sığortaya dair məmnunluğunun ölçülməsi və ictimai rəyin öyrənilməsi kimi vacib istiqamətləri əhatə edir. Tibbi xidmətlərin dəyərinin tənzimlənməsi, əhalinin icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olması bizim üçün prioritet istiqamətlərdəndir”.

Səmimi görüşə görə təşəkkürünü bildirən Raci Kaya Azərbaycan ilə Türkiyə arasında yalnız səhiyyə və sosial müdafiə sahəsində deyil, bütün istiqamətlərdə yüksək səviyyəli əməkdaşlığın olduğunu vurğulayıb:

“Azərbaycanla uzun illərə dayanan dostluq və qardaşlıq münasibətlərimiz icbari tibbi sığorta sahəsində də güclü əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İndi isə bu əlaqələri daha da genişləndirərək yalnız görüşlərlə məhdudlaşmayan, texniki səviyyədə davamlı iş birliyi qurmağı planlaşdırırıq. Səhiyyə sahəsində yalnız xidmətləri yaxşılaşdırmaq kifayət etmir, bu xidmətlərin maliyyələşdirilməsi də paralel aparılmalıdır ki, sistem davamlı və səmərəli olsun. İnanırıq ki, Azərbaycanda da bu sahədə inkişaf ardıcıl şəkildə davam edəcək və əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq”.

Görüşdə SGK-nın strateji inkişaf, ümumi tibbi sığorta, səhiyyə xidmətləri, media və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və sosial təminat məsələləri üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər. Agentlik və SGK arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tədbirdə hər iki tərəfin məsul əməkdaşları tərəfindən tibbi yardımın maya dəyərinin hesablanması, ictimai rəyin öyrənilməsi, maarifləndirmə kampaniyalarının effektivliyinin təhlili, beynəlxalq əməkdaşlıq, icbari tibbi sığorta xidmətlərinin monitorinqi və insan resurslarının idarəedilməsi kimi mövzularda təqdimatlar edilib.

Zemfira Ms
Finss.az