Finss.az - Parkinson xəstəliyi beyin neyronlarının zədələnməsi və “ölümü” nəticəsində ortaya çıxan xroniki və proqressiv mərkəzi sinir sisteminin pozulmasıdır. Xəstəlik əsasən beyində dopamin adlı neyrotransmitterin azalması ilə əlaqədardır. Dopamin hərəkətlərin koordinasiyasında mühüm rol oynayan kimyəvi maddədir. Əsas simptom olan hərəkətlərin koordinasiyası problemləri də xüsusilə, dopaminin azalmasına, beynin dopamin istehsal edən hüceyrələrinin zədələndiyinə görə yaranır.
Parkinson xəstəliyinin müayinəsi, fizioterapiya müalicəsi, eyni zamanda yanaşı nevroloji xəstəliklər səbəbindən ağırlaşmalar baş verdiyi halda stasionar terapevtik müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.
Xəstəliyin diaqnozu pasiyentin şikayətlərinə əsasən nevroloji müayinələr, laborator analizlər və MRT əsasında dəqiqləşdirilir. Diaqnostika həkim-terapevt, müalicə isə həkim-nevroloq tərəfindən aparılır.
Parkinson xəstəliyi hər insanda müxtəlif formada inkişaf edə bilər. Erkən diaqnoz və düzgün müalicə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Sözügedən xəstəliyin tam müalicəsi olmasa da, simptomları yüngülləşdirmək və nəzarətdə saxlamaq üçün müxtəlif üsullar mövcuddur. Dərman qəbulu ilə müalicəyə başlanılır, ehtiyac yaranarsa fizioterapiyaya, ağırlaşmalar zamanı isə stasionar terapevtik müalicəyə üz tutulur. Fizioterapiya ilə əzələləri gücləndirmək, tarazlığı və hərəkətlərin koordinasiyasını inkişaf etdirmək mümkün olur.
Sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.
Məlumat üçün bildirək ki, parkinson daha çox 60 yaşdan yuxarı şəxslərdə, xüsusən kişilərdə rast gəlinir. Əsasən əl və barmaqlarda, çənədə baş verən titrəmə, bədənin müxtəlif nayihələrində gərginlik, hərəkət yavaşlığı, gündəlik işlərin icrasında ləngimə, üz mimikalarının azalması, tarazlıq və duruş pozğunluğu, ayaqda dayanmaqda, yeriməkdə çətinlik və digər simptomlarla müşahidə olunur.
Parkinson xəstəliyinin konkret səbəbi çox vaxt məlum olmur. Genetik meyillilik, ailə anamnezi, ətraf mühit - pestisidlər, herbisidlər və ağır metallar kimi toksik maddələrə uzunmüddətli məruz qalma, stres, qəza və ya travma nəticəsində beyinə dəyən zədə kimi amillər xəstəliyin yaranma səbəblərindəndir.
Qeyd edək ki, 11 aprel Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür. Parkinson xəstəliyi olan şəxslərə sağlam qidalanma, idman, meditasiya və ya digər stres azaldan fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunur.
Zemfira Ms
Finss.az