SIĞORTA

11 Aprel

Azərbaycanda sitrus bağlarının sığortalanmasına başlanılıb

Finss.az - Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə limon, naringi və portağal bağlarının sığortalanması mövsümü başlayıb.

Limon, naringi və portağal bağlarının sahibləri və bu məhsulları becərən fermerlər bağları aqrar sığorta mexanizmi vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər.

Sitrus bağları Azərbaycanın kənd təsərrüfatında özünəməxsus yer tutur. Statistik göstəricilərə əsasən, hazırda ölkəmizdə 4500 hektardan artıq sitrus meyvəsi bağı var. Bunlardan 3278 hektarı naringi (mandarin) bağları, 703 hektarı limon bağları, 582 hektarı isə portağal bağlarıdır.

Sitrusçuluq əsasən, ölkənin cənub zonasında inkişaf edib. Ölkə üzrə limon bağlarının 95%-i, naringi bağlarının 99%-i, portağal bağlarının isə 100%-i cənub bölgəsindədir. Son illər sitrus bağlarının sahəsi yeni salınan bağlar hesabına genişlənməkdədir.

2024-cü ildə Azərbaycandan xarici bazarlara ümumi məbləği 1 milyon 91 min dollar olan 2343 ton naringi və mandarin ixrac edilib.

Aqrar Sığorta Fondu sitrus bağlarını çoxsaylı risklərdən – dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntısı, sel-subaşma, şaxtavurma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri kimi hadisələrdən sığorta edir.

2024-cü ildə limon, naringi və portağal bağlarına dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 40 min manatdan çox sığorta ödənişi edilib. Fırtına, qasırğa, sel-subaşma və şaxtavurma hadisələrindən zərər çəkmiş limon bağlarına görə 16 287 manat, naringi bağlarına görə 13 446 manat, portağal bağlarına görə isə 10 912 manat sığorta ödənişi həyata keçirilib.

Sığorta haqqına tətbiq edilən 50%-lik dövlət dəstəyi fermerlərə öz sitrus bağlarını cüzi məbləğ ödəməklə sığortalamağa imkan verir. Sığorta haqqının 50%-ni dövlət, 50%-ni isə fermer ödəyir.

Cənub bölgəsində 1000 manatlıq limon, naringi (mandarin) və portağal meyvəsinin çoxsaylı risklərdən sığortalanması fermerə olduqca kiçik bir məbləğə - cəmi 12 manata başa gəlir.

Sitrus bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta edə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvəsinin dəyəri qədər sığorta ödənişi edilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83% təşkil edir.

Məsələn, ildə 30 manatlıq məhsul gətirən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 74 qəpikdir. 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 37 qəpik ödəməklə ağacı çoxsaylı risklərdən sığorta edə bilər.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.

Zemfira Ms
Finss.az