SIĞORTA

25 Fevral

Fuad Sadıqov: Əkinə yararlı torpaqların 96,6%-ni sığortaya cəlb etmək mümkündü

Finss.az - Bakıda keçirilən "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkədə aqrar sığorta sektorunun inkişafını və qarşıdakı hədəfləri açıqlayıb.

Sadıqov bildirib ki, Azərbaycanda əkinə yararlı olan 1,7 milyon hektar ərazinin təxminən 1/4 hissəsi - 450 min hektar hər il sığortalanır. Bununla yanaşı, o qeyd edib ki, əkinə yararlı torpaqların 96,6%-ni sığortaya cəlb etmək mümkündür. Məqsədin isə ölkədə sığortalanan məhsulların əhatə dairəsini daha da genişləndirmək olduğunu vurğulayıb.

F. Sadıqov, həmçinin, Aqrar Sığorta Fondunun son bir neçə ildəki inkişafına toxunaraq, Fondun aktivlərinin 9 milyon manatdan 30 milyon manata çatdığını bildirib. O, 2024-cü ildə Fondun 6,423 milyon manat məbləğində sığorta ödənişi həyata keçirdiyini qeyd edib. Bu rəqəm, 2023-cü illə müqayisədə 45,75% artım nümayiş etdirir.

Tədbirdə aqrar sığortanın ölkə iqtisadiyyatında mühüm rol oynadığı və gələcəkdə bu sahənin daha da inkişaf etdiriləcəyi vurğulanıb.