Finss.az - 2025-ci ildən etibarən, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
İcbari tibbi sığorta çərçivəsində, ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır. Növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üzrə dərmanlar da sığortaya daxil ediləcək.
Agentlikdən bildirilib ki, "Tibbi sığorta haqqında" Qanuna edilmiş dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonunda təsdiq edilib. Qanunun tələblərinə uyğun olaraq, dərman təminatına bu ilin 2-ci yarısından başlanması nəzərdə tutulur.
Yeni qaydalara əsasən, Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd ediləcək. Bu məlumat əsasında, icbari tibbi sığorta hesabına qarşılanan dərmanların siyahısı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri yer alacaq. Dərmanların qiyməti iki hissədən ibarət olacaq: bir hissəsi sığorta tərəfindən ödəniləcək, digər hissə isə vətəndaş tərəfindən ödəniləcək.
Agentlik vurğulayıb ki, dərmanların qiyməti, eyni təsiredici maddənin olduğu dərmanlar üçün istehsalçıdan və ölkədən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni məbləğ ödəniləcək, lakin vətəndaşın seçdiyi dərmanın qiymətindən asılı olaraq, onun ödəyəcəyi məbləğ fərqli ola bilər.
Bundan əlavə, dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Vətəndaşlar elektron resept ilə Agentliklə müqaviləsi olan aptekə yaxınlaşaraq, reseptdəki dərmanların təsiredici maddəsi və dozasına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcəklər. Həmin apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar onları asanlıqla tanıya və tapa bilsinlər.