Finss.az - 2024-cü ildə Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub. Bu, 2023-cü illə müqayisədə 10,9 faiz və ya 566,5 milyon manat artım göstərib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 13,7 faiz artaraq 3,8 milyard manatı keçib.
Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 13,7 faiz artaraq 208,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 faiz artaraq 156,9 milyon manata çatıb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar da artım göstərib, 2023-cü ilə nisbətən 8,6 faiz artaraq 1 milyard manatı keçib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10 faiz artaraq 721,3 milyon manata çatıb.