SIĞORTA

20 Avqust

Aqrar Sığorta Fondu bu ilin 7 ayına yekun vurub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 11,3 milyon manat aqrar sığorta haqqı toplanılıb.

Finss.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

Onun sözlərinə görə, bunun 10,2 milyon manatı bitkiçilik, 1,1 milyon manatı isə heyvandarlıq sığortası formalaşıb.

F.Sadıqov həmçinin qeyd edib ki, 7 ay ərzində Fond fermerlərə 3,25 milyon manat sığorta ödənişi edib: "Bundan 2,573 milyon manatı bitkiçilik, 678 min manatı isə heyvnadarlıq sığortası üzrə verilib. Təkcə iyulda isə fermerlər 386 min manat sığorta ödənişi alıb. Bunun da 330 min manatı bitkiçilik, 57 min manatı heyvandarlıq sığorrtası üzrə verilib. Bundan əlavə, 8,2 milyon manatlıq sığorta ehtiyatı yaratmışıq. Bu ilin sonuna qədər ümumilikdə 11,4 milyon manat sığorta ödənişi gözlənilir".

Bundan başqa, sədrin sözlərinə görə, hesabat dövründə 450 min hektarlıq əkin sahəsi sığorta edilib: "Fondun əhatə etdiyi demək olar ki, bütün bitki növləri üzrə əkinlər sığorta edilib. Yəni ənənəvi olaraq buğda, arpa, qarğıdalı və pambıqla yanaşı, fındıq, çəltik, şəkər çuğunduru, günəbaxan, qırpız əkinlərini də sığorta etmişik. Eləcə də, bu il 1 917 baş mal-qara sığorta edilib. 2024-cü ildə təsərrüfıatlarda baş verən hadisələr üzrə 1 700-ə yaxın müraciət daxil olub ki, onlar da ümumilikdə 140 min hektar əkin sahəsinə aiddir. Ən çox müraciətlər buğda, arpa, qarğıdalı, pambıq, şəkər çuğunduru, fındıq, günəbaxan və tütün bitkiləri, eləcə də narıngi, şaftalı və ərik bağları ilə bağlı olub".