İcbari Sığorta Bürosu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə media nümayəndələri üçün təlim keçirib.
Fins.az-ın məlumatına görə, bu gün İcbari Sığorta Bürosu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə həmçinin müxtəlif əhali qrupları arasında sığorta maarifləndirməsinin təmin olunması məqsədilə media nümayəndələri üçün təlim keçirib.
“İcbari Sığorta Bürosunun fəaliyyət istiqamətləri və sığorta sahəsinin inkşafında icbari sığorta növlərinin rolu və əhəmiyyəti” adlı təlimdə Azərbaycanın sığorta bazarı, sığorta münasibətləri və prinsipləri, eləcə də İSB - nin təməl missiyaları barədə media nümayəndələrinə məlumat verilib. Təlim zamanı jurnalistlərə Azərbaycanın Milli Yaşıl Kart Bürosunun fəaliyyət istiqamətləri və İSB - nin Milli Yaşıl Kart Bürosu kimi uğurlarından bəhs olunub. Bildirilib ki, İSB 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. 2022 – ci ildə həmçinin Azərbaycan və Türkiyə Yaşıl Kart sığorta sistemləri inteqrasiya olunub. Büronun təşəbbüsü ilə həyata keçirilmiş inteqrasiya dünyada ilk belə təcrübə olmaqla, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədləri keçmənin qarşısını alır. Bununla yanaşı Beynəlxalq Bürolar Şurasının 21 Sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Milli Yaşıl Kart Bürosu Gürcüstan və Qazaxıstanda Yaşıl Kart satmaq hüququ əldə etmişdir. Razılığa əsasən 01 yanvar 2023-cü ildən etibarən Yaşıl Kart sığorta şəhadətnamələri bu ölkələrin nəqliyyat vasitələrinə Azərbaycan sığortaçıları tərəfindən satılır. Xidmət ixracı anlamına gələn bu fəaliyyətin ilk 4 ayı ərzində xaricdə satılan Yaşıl Kartlar üzrə yerli sığorta şirkətləri 3 100 000 AZN-dən artıq sığorta haqqı əldə etmişlər. Bu məbləğ Azərbaycanda keçən il satılan Yaşıl Kart sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının illik həcminə yaxındır. İlin sonunadək ixracat həcminin 10 000 000 AZN - i keçməsi gözlənilir.
İSB-nin icraçı direktoru Rəşad Əhmədov təlim zamanı media nümayəndələrinə hazırda İSB tərəfindən həyata keçirilən layihələr barədə də məlumat verib. Bildirilib ki, qurumlarla həyata keçiriləcək inteqrasiyalar vasitəsilə icbari sığorta növləri ilə bağlı daha yüksək penetrasiyaya nail olunacaq və 2023-cu ilin sonunadək kağız daşıyıcıda olan şəhadətnamələrin ləğvi prosesi tam yekunlaşacaqdır. Sığorta savadlılığının artırılması işləri bundan sonra da davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcəkdir.
Müxtəlif informasiya agentlikləri, televiziya və radio kanallarının əməkdaşlarının iştirak etdiyi təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Fuad Mədətov
Fins.az