SIĞORTA

13 Sentyabr

Azərbaycanda sığortadan dərs deyən müəllim: “Cəmiyyətimizdəki “sığorta” anlamını dəyişmək lazımdır” - MÜSAHİBƏ

Azərbaycanda “Sığorta işi” üzrə müəllim kimi fəaliyyət göstərən İlahə Nəccari Fins.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

İlahə xanım, necə oldu ki, populyar olmayan, belə deyək ki, hətta çoxlarının tədrisindən belə xəbərsiz olan sığorta sahəsini seçdiniz?

2010-cu il idi, yay tətilini qardaşımın yanına xaricə getmişdim. Tekstil biznesində çalışırdıq. Xüsusi növ yun koftaların toxunması üçün bizə ip lazım idi, bu ipləri isə Türkiyədən sifariş etdik. 50.000 dollarlıq iplər Dağıstan ərazisini keçərkən yandı. Böyük narahatlıq və təəssüf hissləri keçirdik. Belə qarışıq bir zamanda digər rəhbər bizə bildirdi ki, bu yüklər əvvəldən sığortalanıb. Sığorta şirkəti verdiyi vədi tutdu, bizə sığorta ödənişini vaxtında etdi.

O zaman 19 yaşım var idi, düşündüm nə yaxşı sahədir, müdafiə edir, maliyyə itkilərinin əvəzini ödəyir. (gülür) Beləliklə Azərbaycana qayıdanda, magistratura pilləsini oxumağa qərar verdim. Cəmi dörd ixtisas seçimi etmişdim, hər biri də sığorta. Oxudum, öyrəndim və artıq öyrətməyə başlamışam. Çox şadam və əmək bazarının bu sahə üçün çox az sayda öyrətmənlərindən biriyəm. (gülür)

Müəllimliyi sevdiyinizə görə sığorta sahəsini sevdirə bilirsiniz, yoxsa bu sahəni sevdiyinizə görə müəllim olmağı qərarlaşdırdınız?

Sığortanı tədris etməmişdən öncə, bir il müxtəlif iqtisadi fənlərdən dərs demişəm. Müəllimliyi sevirəm, öyrədəndə, paylaşanda xoşbəxt oluram. Sığorta sahəsi mənimçün doğmadır, bu səbəbdən dolayı hər iki sevgi birləşdiyinə görə ortaya yaxşı işlər qoya bilirik.

Sizcə əmək bazarında sığorta ixtisasının məzunlarına ehtiyac var, əgər varsa niyə ali təhsil müəssisələri bu sahənin tədrisinə yer ayırmır?

Əlbəttə, əmək bazarında sığorta ixtisasında təhsil alan tələbələrin varlığına ehtiyac var. Sığorta sahəsi spesifik sahədir, öyrənilməsinə böyük gərək vardır. Baza bilikləri olmayan kadrların şirkətdə işə başlaması, peşəkar kadr olması üçün şirkətin illərlə əmək və vaxt sərf etməsi lazım gəlir. Əgər sığorta ixtisasını bitirən bir tələbə sığorta şirkətində işə düzələrsə, onun baza və qanunvericilik bilgiləri olduğuna görə, hər iki tərəf üçün daha optimal variant olar.

Bu sahənin tədrisi qeyd etdiyiniz kimi vacibdirsə, onda niyə ali təhsil müəssisələrində bu sahə ixtisas kimi tədris edilmir?

Xarici ölkələrdə iqtisadiyyat fakültəsinin bir bölməsi olaraq sığorta ayrıca tədris edilir. Və bu sahənin məzunlarını peşəkarların icra etdiyi təcrübə proqramlarına göndərirlər. Bizim ölkəmizdə isə əvvəllər iki ali təhsil ocağında sığortanın tədrisi aparılırdı. İndi isə təəssüflər olsun ki, heç bir ali təhsil ocağı bu sahəni ixtisas kimi tədris etmir. Açığı bu məsələnin səbəbəni mən bilmirəm. Bildiyim odur ki, indi ölkəmizdə “Sığorta işi” ixtisası cəmi iki kollecdə vardır. Təhsil Nazirliyi bu məsələyə diqqət ayırsa çox yaxşı olardı.

Sığorta təhsilinin olması bazardakı vəziyyəti nə qədər yaxşılaşdıra bilər?

Bəlkə də sığorta dünyanın yeganə sahəsidir ki, nəzəri və praktiki cəhətdən çox üst-üstə düşür, yəni, tədrisi çox vacibdir. Və əlbəttə ki, vəziyyəti xeyli yaxşılaşdıra bilər. Bayaq da qeyd etdiyim kimi, ən azı baza və qanunvericilik bilgilərilə işə başlayan bir kadr üçün ixtisaslaşma daha optimal olar. Məsələn bir-birinə çox yaxın olan “Sığorta məbləği”, “Sığorta ödənişi”, “Sığorta haqqı” və ya “Sığortda predmeti” ilə “Sığorta obyekti” anlayışların fərqləndirilməsində sığorta təhsilli kadrlar daha bilgili olur, nəinki əksinə.

Sizcə sığorta sektorundakı kadr potensialının çatışmazlığı problemini necə aradan qaldırmaq olar?

Əlbəttə bu sahənin tədrisinə ali səviyyədə yer ayırmaq və eyni zamanda təhsil müəssisələri ilə sığorta şirkətlərinin birgə əməkdaşlığı ilə, həmçinin təhsilverənlərlə təhsilalanların birgəlik nöqtəsi olan sığorta şirkətlərilə ortaq anlaşmalar yolu ilə. Yollar çoxdur, istək və işləmək gərəkdir. (gülür)

Sizcə sığorta bazarının arzuolunan səviyyədə olmamasının səbəbi bu sahənin tədrisindəki axsaqlıqlara görə ola bilər?

Bütün səbəblər tədrisə bağlı deyil, lakin faktorlardan biri də bu səhəsindəki qeyri-ixisas sahiblərinin fəaliyyətidir.

Sığorta sektorunda nə çatmır? (Kadr, maliyyə, təcrübə və.s)

Bilirsiniz təbiətdə hər nəsnənin öz yeri var, belə deyək. Bu nöqteyi-nəzərdən sektorun inkişafı üçün qeyd etdiyiniz hər üç faktorun olması labüddür. Əlbəttə hər birinin öz çəkisi var və bu iş zəncirvarilik təşkil etdiyinə görə hansı birində axsaqlıq olsa ümumi sektora mənfi təsir buraxacaqdır.

Ölkəmizdə xarici sığorta şirkətinin bazara daxil olmasını necə qiymətləndirərdiniz?

Yaxşı qiymətləndirirəm. Əlbəttə ki, əgər bu gəlişin səbəbi bazara töhfə verməkdirsə və ya yerli sığorta şirkətlərinin fəaliyyətində rəqabətliliyini artıracaqsa niyə də olmasın.Sığorta sahəsində inkişaf üçün nəyi təklif edərdiniz?

Ötən sualda qeyd etdim, mənim sığorta təhsilini almağıma səbəb sığorta şirkətinin öz vədini tutması oldu. Deməli bu sektorun inkişafı və arzuolunan səviyyədə olması üçün öncə cəmiyyətimizdəki “sığorta” anlamını dəyişmək lazımdır.

Və təhsil məsələsinə ciddi baxılmasını istəyərdim. Təhsil müəssisələrilə sığorta şirkətlərinin ortaq layihələrinin olması, bazara yeni bir dalğa buraxan digər işlərin təşkili sektorun inkişafına təkan verə bilər.

Müsahibə üçün təşəkkür edirik. Uğurlar diləyirik.

Buyurun. Sağ olun. Mən təşəkkür edirəm.

Müəllif: Tuncay Türbəndəzadə