Azərbaycanda fəaliyyət göstərən baytar, aqronom və akvakultura mütəxəssislərinin yeni peşəyə yiyələnməsi üçün növbəti imkan yaranıb.
Aqrar Sığorta Fondundan bildiriblər ki, dövlət tərəfindən tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində müstəqil aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti test imtahanı başlayır.
Azərbaycanda yeni tətbiq edilən aqrar sığorta mexanizmində müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti mühüm yer tutur. Qanunvericiliyə əsasən əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və balıqların sığortalanması zamanı ekspertlərin rəyi nəzərə alınır. Eləcə də, sığorta hadisəsi baş verərkən hadisəni araşdırmaq və dəymiş zərəri qiymətləndirmək də müstəqil ekspertlərin vəzifəsinə aiddir.
Müstəqil aqrar sığorta ekspertlərinin xidmətləri ödənişlidir – göstərdikləri xidmət müqabilində onlara Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara baxış üçün qət etdikləri məsafəyə görə yanacaq pulu verilir.
Aqrar sığorta mexanizmi inkişaf etmiş ölkələrdə müstəqil aqrar sığorta eksperti peşəsi olduqca gəlirli fəaliyyət sahəsi sayılır. Məsələn, qardaş Türkiyədə aqrar sığorta ekspertlərinin aylıq gəliri orta hesabla 12-14 min TL arasında dəyişir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən imtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı aprelin 8-dən mayın 8-dək aparılacaq.
Test imtahanı iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq kağız daşıyıcılar vasitəsi ilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir, “Şəxsi kabinet” yaradan namizədlər 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində ödəniş etməlidirlər.
İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:
- 1-ci sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;
- 2-ci sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;
- 3-cü sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.
Qeydiyyat zamanı namizədin ali təhsil və ya orta ixtisas təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M) müraciət etməlidirlər.
İmtahanın toplanması mümkün olan ümumi bal 120-dir, 72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanırlar.
Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən DİM-ə göndərilir və onlar təlim proqramına dair sualları əhatə edən imtahanın II mərhələsində iştirak edirlər.
İmtahanın II mərhələsi haqqında məlumat təlimlər başa çatdıqdan sonra DİM-in internet səhifəsində veriləcək.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
Namizədlərin imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
- Test imtahanı proqramları;
- “Namizədin yaddaş kitabçası” – kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;
- “Namizədin yaddaş kitabçası” – kompüter vasitəsilə keçirilən test imtahanları üçün.