SIĞORTA

09 Fevral

Sığorta hadisəsi vaxtı sürücünün sərxoş olduğunun müəyyən edilməsi - TƏHLİL

Fins.az hüquqşünas Tural Ağayevin yazısını təqdim edir:

Azərbaycan Respublikasının “İcbari sığortalar Haqqında” Qanunun (bundan sonra Qanunun) 25.1.2-ci maddəsinə görə sığortalanmış avtonəqliyyat vasitəsini idarə edən şəxsin hadisə anında sərxoş vəziyyətdə olması müəyyən edilərsə, sığortaçıda subroqasiya hüququ yaranır.

Subroqasiya hüququ nədir? 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Subroqasiya hüququ” adlı 936.1-ci maddəsində qeyd edilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur

Məsələn, “A” avtomobili “B” avtomobili ilə toqquşur. Araşdırma zamanı məlum olur ki, hadisənin törədilməsində qünahkar “A” avtomobilin sürücüsü Mamedir. Buna görə də, Mamedin “B” avtomobilinin mülkiyyətçisi Əli qarşısında mülki məsuliyyəti yaranmış olur. Əlinin isə dəymiş zərər həcmində Mamedə qarşı tələb hüququ yaranır. Mamed “A” avtomobilini “Risk” sığorta şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin” icbari sığorta növü ilə sığortalayıb. “Risk” sığorta şirkəti “B” avtomobilinə dəymiş zərər məbləğini (məsələn, 2500 manatı) Əliyə ödəyir. Həmçinin, məlum olur ki, Mamed hadisə anında avtomobili sərxoş vəziyyətdə idarə edib. Bu zaman, yuxarda qeyd etdiyimiz tələb hüququ Əlidən “Risk” sığorta şirkətinə keçir, yəni sığortaçı Əliyə ödədiyi 2500 manatı Mameddən tələb etmək hüququ əldə edir.

Bir sözlə tələb etmək hüququnun zərəçəkmiş şəxsdən sığortaçıya keçməsi subroqasiya adlanır.

İcbari sığorta növlərində subroqasiya hüququ yaradan hallar yalnız qanunla müyyənləşdirilir. Şəxsin avtomobili sərxoş vəziyyətdə idarə edərək, yol nəqliyyat hadisəsi törətməsi icbari sığorta üzrə subroqasiya hüququnun yaradan hallardan biridir.

Bəs sürücünün sərxoş olub-olmaması necə müəyyən edilir?

Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları" (bundan sonra Qaydalar) adlı Qərarı vardır.

Bu Qaydaların 2.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir:

1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;

2. ayaq üstə sərbəst dayana bilmədikdə;

3. özünü idarə edə bilmədikdə.

Yuxarda sadalanan hallardan ən azı biri müşahidə edildikdə, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq orqanın (polisin) əməkdaşı sürücünün sərxoş olub-olmaması faktını təsdiq etmək üçün xüsusi texniki vasitələrdən (alkotester, narkotester) istifadə etməklə, şəxsin sərxoşluq vəziyyətini müəyyən edir.

Şəkil 1. Alkotester.

Şəkil 2. Narkotester.

Lakin bir məqamı da nəzərinizə çatdırım ki, yuxarda sadalanan 3 haldan heç biri müşahidə edilmədikdə, polis əməkdaşı sürücünü müayinəyə cəlb etməməlidir.

Eyni zamanda sürücünün polis əməkdaşı tərəfindən həyata keçirilən müayindən imtina etmək və ya onun nəticəsi ilə razılaşmamaq hüququ vardır. Belə ki, “Yol Patrul Xidməti haqqında” Təlimatın 8.17-ci maddəsində qeyd edilir ki, Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar (red. yuxarıda qeyd etdiyimiz 3 əlamətdən söhbət gedir) olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır.

Odur ki, sürücünün sərxoş vəziyyətdə olub-olmamasının polis tərəfindən aparılacaq müayinə ilə müəyyən edilməsindən sürücü imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir.

Burada bir məqamı nəzərinizə çatdırım ki, sürücünün polisin keçirəcəyi müayinədən imtina etmək hüququ olsa da, lakin tibbi müayinədən keçməkdən imtina etmək hüququ yoxdur. Lazım gəldikdə sürücü tibbi müayinədən keçməyə məcbur edilə bilər. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinin 8-ci bəndinə əlavə olunan “Qeyd” hissəsində qeyd edilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Sürücünün tibbi müayinədən imtina etməsi və ya yayınması özü ayrı müstəqil inzibati xəta yaratmış olur. Sürücünün belə müayinədən boyun qaçırması faktı da subroqasiya hüququnu yaradan hallardan biridir.

Tibbi müayinə kim tərəfindən həyata keçirilir?

Sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir.

Bəs hansı hallarda sürücü sərxoş hesab edilir?

1.Xüsusi texniki vasitə ilə polis əməkdaşı tərəfindən aparılan müayinənin və ya tibbi müayinənin nəticəsində qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yəni sürücünün qanında 0,3 promil və ya ondan daha çox alkoqol varsa, həmin şəxs sərxoş hesab edilir, lakin alkoqol qanda 0,3 promildən aşağadırsa şəxs sərxoş hesab edilə bilməz.

2.Xüsusi texniki vasitə ilə polis əməkdaşı tərəfindən aparılan müayinənin və ya tibbi müayinənin nəticəsində şəxsə aid bioloji mayelərdə (qan, tüpürcək, sidik, hava və s.) narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Burda minimal və ya maksimal hədd yoxdur. Narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin biri istənilən həcmdə qanda aşkar edilərsə, sürücü sərxoş hesab ediləcəkdir.

Sığorta şirkəti tibbi müayinə Aktını nə zaman tələb edə bilər?

Bəs "Forma-4"də belə qeydin olması sığorta şirkətinə kifayət etməlidirmi?

Polis yuxarda qeyd olunan 3 əlamətdən heç birini sürücüdə aşkar etmədikdə, sürcünün sərxoşluq vəziyyətini ayıq kimi qiymətləndirir və müayinə etmir. Əgər “Forma-4”də sürücünün sərxoşluq vəziyyəti ayıq kimi qeyd edilibsə, demək ki, polis əməkdaşı tərəfindən yuxarda qeyd olunan 3 əlamətdən heç biri sürücüdə müşahidə edilməyib. Odur ki, bu halda həmin qeyd sığortaçı üçün kifayət etməlidir. Lakin əgər şəxs hadisə anında sərxoş olubsa, bu barədə “Forma-4”də qeyd olsa belə, subroqasiya hüququnun təmin edilməsi məqsədi ilə polis orqanından bu sənədi tələb etməyə sığortaçının hüququ vardır.

Bilirik ki, bəzən real həyatda baş verənlər kağızda öz əksini tapmır, bəzən müvafiq orqanın əməkdaşının hadisədə iştraki obyektiv olmur. Sığortaçının sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən şəxslərdən izahat almaq və digər hərəkətləri etmək hüququ vardır. Əgər araşdırma zamanı, sığortaçıda sürücünün hadisə anında sərxoş olmasına dair əsaslı şübhələri yaranarsa, bu barədə müvafiq orqana yazılı sorğu və ya şikayət ünvanlaya bilər. Lakin bununla bağlı sığorta ödənişini ləngitməməlidir, sığorta ödənişini həyata keçirməlidir, çünki “Forma-4”də qeyd olunan hadisənin təfərrüatları formal olaraq sığorta ödənişini həyata keçirməyə kifayət edir. 

Xülasə. Əgər sürücünün sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar varsa polis tərəfindən sürücüyə xüsusi cihazlarla müayinədən keçmək təklif olunur, əgər sürücü belə müayinədən keçməkdən imtina edərsə və ya belə müayinənin nəticəsi ilə razılaşmazsa, məcburi qaydada tibbi müayinəyə göndərilir. Bu tibbi müayinə həkim-narkoloq tərəfindən aparılır. Əgər şəxsdə sərxoş olması barədə şübhə yaradacaq heç bir əlamət müşahidə edilmirsə, onun sərxoşluq vəziyyəti ayıq kimi qiymətləndirilir və müayinədən keçirilmir.

Hadisə anında icbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsinin təqsirli sürücüsü sərxoş vəziyyətdə olarsa, sığorta ödənişi etdikdən sonra sığortaçıda subroqasiya hüququ yaranır. Həmçinin, əgər sürücü sərxoşluq vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırarsa, bu zaman da sığortaçıda subroqasiya hüququ yaranacaq.