SIĞORTA

06 Yanvar

2021-ci ildə qeyri-həyat sığortası bazarında nə gözlənilir?

Bakı, 6 Yanvar Fins.az

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktoru Elmar Mirsalayev 2021-ci ildə qeyri-həyat sığortası bazarında gözləntiləri haqqında məlumat verib.

2021-ci ildən gözləntilərimiz böyükdür. Pandemiya bütün sahələrə olduğu kimi sığorta sektoruna da bu və ya digər formada neqativ yöndə təsir etdi. Lakin digər tərəfdən isə sığorta şirkətləri dəyişən müştəri davranışlarına adekvat fəaliyyət strategiyası da formalaşdıra bildi. Belə ki, şirkətlərin demək olar ki, hamısı mərhələli şəkildə məsafədən xidmətlərin göstərilməsinə başladı. 2021-ci ildə isə mövcud trendin daha da inkişaf etdirilməsi ilə yanaşı, bütün sığorta məhsulları üzrə elektron müqavilə sisteminin formalaşdırılması və proseslərin tam avtomatlaşdırılması bazar iştirakçıları üçün başlıca hədəf indikatorudur. Xüsusilə də hadisə zamanı tələb olunan sənədlərin toplanması prosesinin mobilləşməsi müştəri məmnuniyyətinin artırılması ilə yanaşı, həm də şirktələrin iş yükünün balanslaşmasına və prosedur ardıcıllığının operativləşməsinə zəmin yaradacaqdır.

2021-ci ildə qarşıda duran prioritet istiqamət olaraq həm də bu sahəyə olan inamın artılması məqsədi ilə əhalinin maarifləndirilməsi və sığorta vərdişlərinin təkmilləşdirilməsi istiqamətində bir çox yeni lahiyənin həyata keçirilməsi nəzərdə tutulur.

Digər bir önəmli məqama da toxunmaq istəyirəm. Sığorta tarifləri və ödənişlər 10 il əvvəl müəyyənləşdirilərkən həmin dövrün mövcud vəziyyəti və real zaman şərtləri nəzərə alınmışdı. Etiraf etməliyik ki, bu gün Azərbaycanda sağlam iqtisadi inkişaf modeli tətbiq edilir və hər bir iqtisadi klassifikasiya yeni inkişaf mərhələsindədir. Bu səbəblə də bir çox sığorta məhsullar üzrə tariflərin və ödəniş məbləğlərinin yenidən nəzərdən keçirilməsinə böyük ehtiyac var.

Bu gün məsuliyyət sığortalarının inkişafı da mühüm əhəmiyyət kəsb edən bir istiqamətdir. Ehtiyatsızlıq nəticəsində bəzən istəmədən üçüncü şəxslərin əmlakına və ya sağlamlığına zərər yetirə bilirik. Belə olduğu təqdirdə bizim onların qarşısında məsuliyyətimiz və öhdəliyimiz yaranır. Məsuliyyət sığortalarının inkişafı və bu istiqamətdə yeni növlərin bazara daxil edilməsi isə adı çəkilən sinfin bazardaxili payının artmasına və sığortalı marağının cəlb edilməsi ilə potensial sığortalı kontingentinin bazara qazandırılmasına səbəb ola bilər.

Daşınmaz əmlakın icbari sığortası üzrə mərkəzləşmiş məlumat sistemin formalaşdırılması da 2021-ci ildə həllini gözləyən məsələlərdəndir. Bu növ üzrə bağlanan müqavilələrin tam elektronlaşdırılması və proseslərin bütünlüklə avtomatlaşdırılması isə 2021-ci ildə pilot layihə şəklində tamamlanmış ola bilər.

Bu gün bir çox sığorta məhsulunun inkişafına mane olan ən vacib istiqamət isə məlumatlılığın yetəri qədər olmamasıdır. Lakin bu istiqamətdə həm sığorta sektoruna üst nəzarətedici orqan olan Azərbaycan Respublikası Mərkəzi Bankı, həm də alt requlyativ funksiyanı icra edən Azərbaycan Sığortaçılar Assosiasiyası və eyni zamanda İcbari Sığorta Bürosu əhəmiyyətli layihələrlə ciddi addımlar atır. Təkcə onu qeyd etmək kifayət edər ki, sadəcə bu il Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun inkişafı ilə bağlı 6 genişmiqyaslı layihənin icrasına başladı. Bu layihələr uzunmüddətli perspektivdə də davam edib mərhələli şəkildə öz müsbət təsirini göstərəcəkdir. 2021-ci ildə yerli sığorta bazarı bütün bu mütərəqqi addımlar fonunda öz uğurlu gələcəyini sığortalamış olacaq.