Azərbaycan Mərkəzi Bankı (AMB) yenicə lisenziya verdiyi “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin rəhbərliyinin tam tərkibini açıqlayıb.
Fins.az-ın məlumatına görə, şirkətin Direktorlar Şurasına Pərviz Mirrasim oğlu Səfərov rəhbərlik edəcək.
Şuraya həmçinin Fuad Həşim oğlu Sadıqov (Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun sədri), Eldar Rafail oğlu Abbaszadə, Anar Cavanşir oğlu Nəsirli və Fərid Əlihüseyn oğlu Hidayətov daxildir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin İdarə Heyətinə (İH) isə əvvəlcədən deyildiyi kimi Azər Əvəz oğlu Kərimov rəhbərlik edəcək. İH-nə həmçinin Elvin Mirismayıl oğlu Əliyev və Gülnarə Tofiq qızı Cavadova daxildir.
Şirkətin Audit Komitəsinin sədri Eldəniz Əkbər oğlu Həsənov, üzvləri Gündüz Zakir oğlu Məmmədli və Qaya Vaqif oğlu Məmmədov, Daxili audit xidmətinin rəhbəri Roman Dünyamalı oğlu Əmircanov, baş mühasibi Rəhim Həmid oğlu Zəkiyev, məsul aktuarisi isə Elvin Oqtay oğlu Əfəndiyevdir.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” bu ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərəcək.