Fins.az Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyevin müsahibəsini təqdim edir
- Azər müəllim, hazırda sığorta bazarında ümumi vəziyyəti necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, sığorta sektoru risklərin bölüşdürülməsi mexanizmini həyata keçirən əsas sosial müdafiə mexanizmidir. Bu gün dünyanın bir çox inkişaf etmiş ölkəsində sığortanın ÜDM-də payı əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycanda isə bu sektor yalnız son 10 ildə özünün inkişaf mərhələsinə qədəm qoyub. Sığorta fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin aktiv tətbiqi ilə bu sahə yenidən formalaşdı. Və məhz 2011-ci ildən etibarən Azərbaycanın sığorta bazarının inkişaf trayektoriyası sürətlə genişlənir. Sığorta şirkətləri müasir dövrün tələbləri ilə uyğunlaşmağa çalışırlar. Sadə bir misal olaraq deyə bilərəm ki, əgər bir neçə il əvvəl sığorta müqaviləsinin bağlanması günlərlə vaxt aparırdısa, artıq indiki vəziyyətdə sığorta məhsulları ilə bağlı elektron xidmətlər də göstərilir. Doğrudur, Azərbaycanın sığorta bazarının potensialı genişdir. Sadəcə təəssüf ki, bazar iştirakçıları bu potensialdan tam və əhatəli şəkildə istifadə edə bilmir. Bu da müəyyən problemlərlə bağlıdır.
- Pandemiyanın sığorta sahəsinə nə kimi təsirləri olub?
- Dünya iqtisadiyyatı pandemiya fonunda gözlənilməz neqativ vəziyyətlə üzləşdi. Heç bir dünya ölkəsi buna hazır deyildi və təbii olaraq dünya iqtisadiyyatı COVID-19 pandemiyasının təsirinə məruz qaldı. Yaranmış zərər sığorta sektoruna təsirsiz ötüşmədi. Lakin Azərbaycanın uzun illərdir mövcud olan sağlam iqtisadi inkişaf modeli və əvvəlcədən həyata keçirilmiş preventiv tədbirlər nəticəsində sektor genişmiqyaslı zərərə məruz qalmadı. Bunu dövri sığorta icmallarından da aydın müşahidə etmək mümkündür. Yerli sığorta bazarı iştirakçıları pandemiyanın ilk günlərindən yeni fəaliyyət strategiyalarını hazırlayıb tətbiq etməyə başladılar. Müvafiq dövrdə şirkətlərin əsas strateji hədəfi cərəyan edən prosesi minimum zərərlə başa vurmaqdan əlavə, xüsusilə xidmət səviyyəsinin bir qədər də yüksəldilməsi ilə müştəri məmnuniyyətinin təmin edilməsi oldu. Bütün bunlara baxmayaraq, COVID-19 pandemiyası bizim 2020-ci il üçün sığorta bazarı ilə bağlı verdiyimiz proqnozlarda məcburi dəyişikliklərə səbəb olsa da dövrlər üzrə sığorta yığımlarındakı ümumi vəziyyətin qənaətbəxş olduğunu görə bilərik. Pandemiya müddətində nəzarət orqanı olan Azərbaycan Mərkəzi Bankı da şirkətlərin davamlı və dayanıqlı fəaliyyətinin təmin olunması, eləcə də sığortalıların hüquqlarının qorunması məqsədi ilə sığortaçılara tövsiyələrini təqdim etdi.
- Ümumi kontekstdən yanaşsaq, ölkəmizdə sığortalıların sayı niyə azdır? Bunun səbəbləri nələrdir?
- Qeyd etdiyim kimi, Azərbaycanın sığorta bazarının potensialı olduqca böyükdür. Lakin indiki vəziyyətdə bu potensialdan tam istifadə edilməməsi bir qisim problemlərlə bağlıdır. Bunlardan ən asası insanların sığorta ilə bağlı məlumatlarının məhdud olmasıdır. Məlumatsızlıq isə bir müddət sonra inamsızlığın yaranmasına gətirib çıxarır. Təəssüf ki, bu gün insanlar sığortaya məcburi ödənilməli olan bir rüsum kimi baxırlar. Bəzən sığorta məhsulunu əldə etsələr də, onun qarşıladığı risklər və faydaları barədə məlumatsız olurlar. Qeyd etdiyim vəziyyət əsasən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” məhsulunun satışı zamanı özünü büruzə verir. Hər il milyonlarla sürücü öz avtomobilini icbari şəkildə sığortalayır. Amma deyə bilərəm ki, onların bəlkə də 50%-dən çoxu məhz cərimə olunmamaq üçün bu məhsulu əldə edir, adı çəkilən məhsulun hansı riskləri qarşıladığı, hadisə baş verdiyi zaman sığortalının nə etməli olduğu barədə məlumatı olmur. Bu da hadisədən sonra tərəflər arasında problemlərin yaranmasına səbəb olur.
Xüsusi vurğulamaq istəyirəm ki, icbari sığorta növləri bazarın əsas hərəkətverici qüvvəsidir. Lakin bu sektorun inkişafı könüllü məhsullardan birbaşa asılıdır. İcbari növlərin imperativlik özəlliyindən istifadə edilərək insanlara sığorta anlayışı təlqin olunmalı, sığorta mexanizminin qarşıladığı risklər izah edilməli, ümumilikdə sığortanın mahiyyəti aşılanmalıdır. Bununla da vətəndaşda bir sığorta ənənəsi formalaşacaq və artıq özünə lazım olan könüllü növlərin axtarışına başlayacaq.
- Hələ də müştərilər arasında sığortaya inamsızlıq var. Bu sahəyə inamın formalaşdırılması üçün nələr edilir? Hansı işlərin görülməsini vacib hesab edirsiniz?
- Məsələyə belə bir prizmadan yanaşaq, hər birimiz müvafiq xidmətlər əldə etmək üçün müxtəlif sektor və seqmentlər çərçivəsində fəaliyyət göstərən bir şirkətin müştərisiyik. Gün ərzində bir dəfə də olsa, hansısa xidmət və ya məhsuldan istifadə edirik. Bir məhsulu əldə edərkən onun haqqında araşdırma aparırıq. Əgər biz məhsulun keyfiyyəti, onun xüsusiyyətləri barədə tam məlumata sahib olmasaq, bu zaman fikrimizdə ona qarşı şübhə və inamsızlıq yaranar. Sığorta məhsulları da eynilə bu prinsiplə işləyir. Sığorta şirkətləri öz müştərilərinə xidmət satır. Əgər müştəridə xidmət haqqında hər hansı cavabsız sual yaranarsa, bu zaman onda inamsızlıq da yaranmış olar. Təəssüf doğuran haldır ki, bu gün vətəndaşlarda hələ də sığorta şirkətlərinə inamsızlıq var. Bu da müsahibənin əvvəlində qeyd etdiyim kimi məlumatlandırmanın tam səviyyədə olmaması ilə bilavasitə əlaqəlidir. Əgər vətəndaş əldə etdiyi məhsulun onu hansı risklərdən sığortaladığı barədə, eyni zamanda hadisə baş verdikdə və ya hadisədən sonra sənədləşmə zamanı nə etməli olduğunu bilmədiyi təqdirdə ortaya problemlər çıxır. Məlumatlandırma işinin təşkilində sığorta şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Bəzən satış fəaliyyəti həyata keçirən əməkdaş satışı dərhal yekunlaşdırmaq üçün müqavilənin şərtlərini və məhsulun xüsusiyyətlərini tam izah etmir, bəzən isə müştəri işini dərhal yekunlaşdırmaq üçün əməkdaşı sona qədər dinləmir. Bu da növbəti mərhələdə tərəflər arasında anlaşılmazlıqlar yaradır.
- Maarifləndirmə məsələsinə daha geniş toxunmaq istərdim. Bu sahədə hansı işlər aparılır?
- Maarifləndirmə və məlumatlandırma cari dövrdə istər nəzarət orqanı olan Azərbaycan Mərkəzi Bankının, istər Azərbaycan Sığortaçılar Assosiasiyasının, istərsə də sığorta şirkətlərinin qarşılarına qoyduğu əsas məqsədlərdəndir. Ötən ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı requlyator olaraq təyin edildikdən sonra bu sahənin qiymətləndirilməsinə və problemlərin həll edilməsinə başlanıb. Xüsusilə də maarifləndirmə və məlumatlandırmaya daha çox önəm və yer verilir. Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən sığorta şirkətləri ilə birlikdə həm Bakıda, həm də regionlarda əhalinin maarifləndirilməsi istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Cari ildə pandemiyanın yaratdığı şərtlər səbəbilə əlaqədar olaraq biz maarifləndirmə fəaliyyətimizi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə davam etməyə başladıq.
- Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta şirkətlərinin fəaliyyətindəki boşluqların doldurulması istiqamətində nə kimi tədbirlər həyata keçirməyi planlaşdırır?
- Azərbaycan Sığortaçılar Assosiasiyasının yaradılmasında əsas məqsəd sığorta şirkətlərinə dəstək olmaqla bu sahənin inkişafını təmin etməkdən ibarətdir. İndiki vəziyyətdə sığorta sektorunda həll edilməsi labüd olan bir çox məsələ var. Bu məsələlərin alternativ həlli yollarının tapılması və araşdırlması üçün ASA-da sığorta ekspertlərindən ibarət işçi qruplar və komitələr yaradılıb. Sığorta şirkətləri ilə mütəmadi toplanaraq sektorda mövcud olan problemlərin həlli istiqamətində təklifər hazırlanır və nəzarət orqanına təqdim edilir. Sığorta şirkətləri fəaliyyətlərini müəyyən edilmiş qaydalara və qanunlara əsasən tənzimləyir. Lakin nəzərə almaq lazımdır ki, qaydalar və qanunlar müəyyən edilərkən həmin dövrün mövcud şərtləri nəzərə alınmalıdır.
- Yaxın günlərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni fəaliyyət konsepsiyası ictimaiyyətə təqdim olundu. Konsepsiya hansı istiqamətləri özündə ehtiva edir?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, yeni dönəmdə pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel olaraq dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. Azərbaycan Sığortaçılar Assosiasiyası da yeni fəaliyyət konsepsiyasını məhz bu reallıqları nəzərə alaraq hazırlayıb. Yeni fəaliyyət konsepsiyamız funksionallıq baxımından bir xətli və çoxşaxəli olub, davamlı inkişaf üçün zəruri olan bütün elementləri özündə ehtiva edir. Burada yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin olunmasında sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünyəvi təcrübə və statistik hesabatlılığın tətbiqi üçün lokal və qlobal müstəvidə təşkilatlarla qarşılıqlı əməkdaşlıqların qurulması və daha geniş trayektoriyalı maarifləndirmə işlərinin aparılması konsepsiyanın əsas hədəf indikatorlarını təşkil edir. Ümid edirik və inanırıq ki, yeni konsepsiya ilə hədəflərimizə qısa zamanda nail ola biləcəyik.