SIĞORTA

04 Sentyabr

Azərbaycanda sığorta mübahisələrini həll edən mərkəz yaranıb

Azərbaycanda ilk dəfə sığorta mübahisələri üzrə mediasiya mərkəzi yaranıb.

Fins.az xəbər verir ki, mərkəzin təsisçilərindən biri tanınmış sığorta eksperti İlkin İbrahimovdur.

İ.İbrahimov ölkədə ilk lisenziya almış mediatorlardandır. O, gələn ilin yanvar ayından fəaliyyətə başlayacaq şirkətin fəaliyyət istiqaməti üzrə qısa bilgi verib:

“Ailə, kommersiya və əmək mübahisələri zamanı vətəndaş məhkəmədən əvvəl mediasiya təşkilatına icbari mediasiya üçün müraciət etməli, dövlət rüsumunu ödəməli və ilkin sessiyada iştirak etməlidir. Bu prosesdən sonra ya vətəndaş danışıqdan imtina edib arayış alaraq məhkəməyə müraciət edir, ya da mediasiyanın növbəti mərhələsinə keçir. Qeyd edim ki, mülki və inzibati icraat qaydasında da  mediasiyanın keçirilməsi mümkündür və bu könüllü xarakter daşıyır. Mediator -mediasiya şurası tərəfindən lisenziya almış mediasiya fəaliyyəti göstərmək hüququna malik şəxsdir”.

İlkin İbrahimov bildirib ki, ölkəmizdə bu sahə “Mediasiya haqqında” Qanunla tənzimlənir:

“Qanunun yanvar ayının 1-dən bütün ölkə üzrə tətbiqi prezident fərmanı ilə təsdiq edilib. Hazırda ABŞ-da daha çox mübahisələr məhkəmədən çox mediasiyada həll edilir. Türkiyə, İtaliya kimi ölkələrdə də mediasiyanın ilkin sessiyası məcburidir”.

Tuncay Türbəndəzadə