SIĞORTA

01 May

ASA COVİD-19-un icbari sığorta bazarına və sığorta növlərinə təsiri barədə şərhləri təqdim edir

Bütün dünyada, eləcə də ölkəmizdə yayılmış COVİD-19 virusu iqtisadiyyatın müxtəlif sahələrinə olduğu kimi, sığorta sektoruna da təsir etməkdədir. Ekspertlərin araşdırmalarına görə qlobal pandemiyanın təsiri özünü daha çox könüllü sığorta bazarında göstərəcək. Rusiyanın iri sığorta şirkətlərindən biri “Ingosstrakh”-ın strateji layihələr üzrə rəhbəri Alexander Goglenkovun sözlərinə görə avtomobillərin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası mövcud vəziyyətdə bazara dəstək verə bilər.

Ekspertlərin fikirincə Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə rəqəmlərdə kəskin dəyişiklik müşahidə edilməsədə mövcud vəziyyət bu sahəyə dolayı yolla təsir edə bilər. Əlavə olaraq, xarici valyutanın artması və sərhədlərin bağlı olması ehtiyat hissələrinin maya dəyərinin artmasına gətirib çıxaracaq ki, bu da sığorta şirkətləri üçün daha bir problem yarada bilər.

Koronavirusla mübarizə çərçivəsində bir çox iş yerlərinin bağlı olması və əməkdaşların fəaliyyətlərinə evlərindən davam etməsini nəzərə alsaq işçilər üçün tətbiq edilən “İstehsalatda bədbəxt hadisələrə qarşı” icbari sığorta növü üzrə ödənişlərdə də azalma müşahidə ediləcəyini proqnozlaşdırmaq olar. Ekspertlərin rəyinə əsasən insanların evdə daha çox vaxt keçirməsi onların əmlak sığortasına olan marağını da artıra bilər.

COVİD-19 epidemiyasının səfər sığortasına təsiri mənfi oldu

Dünyanı əhatə edən koronavirusun daha da yayılmasının qarşısını almaq üçün bütün ölkələrin atdığı ilk addım sərhədləri bağlamaq oldu.  Mövcud vəziyyətlə əlaqədar ölkələrarası gediş-gəlişin məhdudlaşdırılması, müəyyən bir mərhələdən sonra isə dayandırılması təbii olaraq səfər sığortasına olan tələbatın kəskin azalmasına gətirib çıxardı.

Dünya ölkələri ilə yanaşı Azərbaycanda da sığorta bazarı üçün də bu hal qaçınılmaz oldu. Qonşu Rusiyada da anoloji vəziyyət müşahidə edildi. Federasiyadakı bir çox şirkətlərdə səfər sığortasına olan təlabat fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10% , mart ayında isə 50% azaldı. Bəzi şirkətlərdə isə bu göstərici 90% ə qədər yüksəldi. Təbii ki, bu rəqəmlər ayrı-ayrı sığorta şirkətlərində müxtəlif şəkildə təzahür edə bilər.

Ölkəmizdə isə ötən ildə səyahət sığortası üzrə toplanan haqların ümumi həcmi 4.8 milyon manat təşkil etmişdisə, bu il bu göstəricinin kəskin azalacağı istisna edilmir.  

Pandemiya həyat sığorta bazarında sürətlə yayılır

İlk dəfə 2013-cü ildə dünya üzrə sığorta şirkətlərinin fəaliyyətinə güclü təsir edən epidemiyalar, viruslar və xəstəliklərlə mübarizəyə hansı dərəcədə hazır olduqları ilə bağlı sorğu keçirilmişdi. Həmin sorğunun nəticəsi kimi şirkətlərin bu risklərə qarşı hazır olmadıqları və özlərini tam şəkildə sığortalamadıqları müəyyən edilmişdi. İndiki dövr üçün isə vəziyyət bir qədər fərqlidir, sığorta şirkətləri baş verən vəziyyəti minimum zərərlə başa vurmaq, bu kimi çətin vəziyyətlərdə vətəndaşlara və hökümətə köməklik göstərmək məqsədilə müxtəlif tədbirlər həyata keçirirlər.