SIĞORTA

22 Aprel

Sosial sığorta ilə bağlı QƏRAR

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib.

Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub.

Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib.

Fins.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklərlə bağlı hazırlanan layihədə qeyd edilib.

Məlumatda bildirilib ki, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci ildən 1 yanvar 2021-ci ilədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi planlaşdırılır.

Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi nəzərdə tutulur. 

Sənəddə qeyd edilib ki, Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir.

Eyni zamanda, Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 40 faiz azalma deməkdir.