İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2019-cu il üzrə fəaliyyətinə dair hesabatını açıqlayıb.
Fins.az xəbər verir ki, illik hesabatda pilot layihənin göstəriciləri üzrə nəticələr, layihə dövründə Agentliyin tabeliyinə verilən tibb müəssisələrində həyata keçirilən yeniliklər, tibbi statistik göstəricilər və icbari tibbi sığorta sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapıb.
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta pilot layihə çərçivəsində 1 yanvar 2017-ci ildən Mingəçevir şəhərində və Yevlax rayonunda, 16 fevral 2018-ci ildən 2020-ci ilə qədər Ağdaş rayonunda tətbiq edilib.
Layihə müddətində əhalidən sığortahaqqı toplanılmayıb. Hesabat dövrü ərzində pilot ərazilərdə sığortaolunanların sayı 343 min 800 nəfər təşkil edib.
Pilot ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülüb.
Belə ki, 2018-ci illə müqayisədə çarpayıda keçirilən günlərin orta sayı 4,6-dan 4,2-yə qədər azalıb. 2019-cu ildə pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,4 milyon, evə yazılan xəstələrin sayı 23 min 888 nəfər, cərrahi əməliyyatların sayı isə 10 min 060 təşkil edib. 2018-ci illə müqayisədə ötən il həkimə gəlişlərin sayında 26% artım müşahidə olunub.
Ümumilikdə 2019-cu ildə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 42 milyon 290 min manat vəsait sərf edilmişdir ki, bu vəsaitin 34 milyon 593 min manatı Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin (ilkin səhiyyə xidməti daxil olmaqla), 4 milyon 346 min manatı pilot ərazilərdə göstərilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər üçün Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrinin, 3 milyon 351 min manatı isə əvəzləşdirilə bilinməyən və dövlət büdcəsinə geri qaytarılmış əlavə dəyər vergisinin payına düşür.
Hesabat dövründə pilot ərazilərdə göstərilən tibbi xidmətlərlə bağlı bir sıra yeniliklər baş verib:
- Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında Bakterioloji laboratoriya təşkil edilib, yeni texnologiya ilə katarakta əməliyyatları və mini invaziv əməliyyatlar həyata keçirilib.
- Yevlax rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsində triaj sistemi qurulub və 2 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb.
- Ağdaş rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsində tam avtomatlaşdırılmış analizatorlar quraşdırılıb və vətəndaşların elektron qeydiyyatı təşkil olunub.
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiqini nəzərə alaraq, tibb müəssisələrinin idarəolunması, habelə xəstəxanalara müraciət edənlərin icbari tibbi sığorta və tibbi məlumatlarının proqram təminatına daxil edilməsi üçün Xəstəxanaların İdarəolunması Sistemi alınıb və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilən tibb müəssisələrində qurulub. Tibb müəssisələrinin əməkdaşlarına zəruri təlimlər keçirilib.
Əhalini icbari tibbi sığorta barədə məlumatlandırmaq məqsədilə ölkənin bir sıra regionlarında maarifləndirici tədbirlər təşkil olunub. Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər və vətəndaşları icbari tibbi sığorta sahəsində ən çox maraqlandıran mövzular nəzərə alınaraq, Agentliyin rəsmi internet səhifəsi (its.gov.az) yeni məzmun və dizaynda istifadəyə verilib.