SIĞORTA

09 Aprel

Yerli sığorta bazarında ARTIM

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 257,482 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,8% çoxdur. 2019-cu ildə sığortaçılardan 15-i aktivlərini artırıb, 6-sı isə azaldıb. Bu barədə Report yazıb

Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 17,45% artaraq 436,157 milyon manat, məcmu qısamüddətli aktivləri isə 10,5% artaraq 821,325 milyon manat olub. 15 şirkət uzunmüddətli aktivlərini, 11 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 18,3% artaraq 782,79 milyon manat təşkil edib. Sığortaçılardan 14-də öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 18,2% artaraq 743,04 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 20,2% artaraq 39,75 milyon manat olub. 14 şirkət uzunmüddətli öhdəliklərini, 13 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 4,85% artaraq 474,692 milyon manata, məcmu nizamnamə kapitalı isə 6,65% artaraq 366,335 milyon manata çatıb. Bazar iştirakçılarından 16-sı balans kapitalını, 4-ü isə nizamnamə kapitalını artırıb.