2020-2021-ci illərdə Azərbaycanın ümumi sığorta seqmentində sığorta haqları ildə 5%-dək artacaq.
Fins.az məlumat verir ki, “SP Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər. Bu barədə İnterfaks yazıb.
"Biz gözləyirik ki, yaxın iki ildə Azərbaycanda ümumi sığorta sektorunda sığorta haqlarının illik artımı 5%-dən çox olmayacaq, lakin sözügedən sektorda göstəricilər tənzimləyicinin yeni biznes istiqamətlərinin inkişafı və bazarda şəffaflığın artırılması üzrə tədbirlərindən əhəmiyyətli dərəcədə asılı olacaq. Tənzimləyicinin bir sıra təşəbbüslərlə çıxış etməsinə baxmayaraq, biz onların həyata keçirilməsinin müəyyən vaxt aparacağını və tənzimləyici tərəfindən əlavə hərəkətlərin reallaşdırılmasını tələb edəcəyini gözləyirik", - deyə agentlik qeyd edir.
“SP”nin qiymətləndirməsinə görə, bu vəziyyəti, eləcə də işgüzar fəallığın və ÜDM-nin proqnozlaşdırılan artım templərinin azalmasını nəzərə alsaq, sığorta xərcləri əhalinin hər nəfərinə təxminən $20-25 təşkil edəcək.
"Bununla yanaşı, sığorta xidmətlərinin nüfuzetmə səviyyəsi aşağı - son beş ildə orta qiymət səviyyəsində (ÜDM-nin 0,5%-i) qalacaq", - deyə agentlik vurğulayır.