Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində 67 277,9 min manat həcmində sığorta haqqı yığılıb.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, hesabat dövründə toplanan sığorta haqlarının məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Bu müddətdə icbari sığorta növləri üzrə ümumilikdə 15 095,4 min manat həcmində ödəniş həyata keçirilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən ödənişlərin həcminin 28,2% artması deməkdir.
İcbari qeyri-həyat sığortası üzrə yığımlar isə 2,6 dəfə artaraq 59 601,8 min manat, ödənişlər isə 30,8% artaraq 14 679,4 min manata çatıb.
Hesabat dövründə daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 14 698,2 min manat, ödənişlər 1361 min manat təşkil edib. Bu da öz növbəsində illik müqayisədə müvafiq olaraq yığımlarda 86,7% və ödənişlərin həcmində isə 2 dəfə artım olduğunu əks etdirir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası isə müqayisə olunan müddətdə 6,3% artaraq 13 515,1 min manat, ödənişlər isə 26% artaraq 12 477,6 min manat olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində sığorta şirkətlərinin könüllü və icbari sığorta növləri üzrə cəmi yığımları 190 744,2 min manat, ödənişləri 49 293,8 min manat təşkil edib.