SIĞORTA

25 Mart

Aqrar sığorta üzrə müstəqil ekspertlərin imtahanın keçirilməsi proseduru müəyyənləşib

Nazirlər Kabinei “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nı təsdiqləyib.

Fins.az xəbər verir ki, bu Qayda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi və imtahan nəticəsində müstəqil ekspert sertifikatının  verilməsi ilə bağlı məsələləri tənzimləyir.

İmtahan və imtahan nəticəsində sertifikatların verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:

 

- kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;

-  kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;

- akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.

İmtahanda iştirak etmək üçün vətəndaş imtahan gününə ən azı 15 (on beş) gün qalanadək Dövlət İmtahan Mərkəzinin internet portal vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və imtahanın qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.

İmtahanın təşkili ilə əlaqədar Mərkəz:

- imtahanın qrafikini, aparılma texnologiyasını müəyyən edir;

- imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;

- imtahanın keçirilməsi tarixindən ən azı 1 ay əvvəl sənəd qəbuluna dair elan verir;

- imtahanın nəticəsinin elan edildiyi gündən 15 gün müddətində müəyyən edilmiş sertifikatları verir;

- imtahanın təşkili, keçirilməsi, nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;

- imtahanın keçirilməsinə 10 (on) gün qalmış imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır;

- imtahanın qrafikini və imtahanda iştirak edəcək namizədlərin siyahısını internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır;

- imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;

- imtahan nəzarətçilərini müəyyən edir.

İmtahan iki mərhələdə həyata keçirilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Aqrar Sığorta Fondu ilə razılaşdırmaqla təsdiq edilmiş proqramlara uyğun müəyyən edilir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, məntiq fənlərinə dair sualları, o cümlədən bu Qaydada göstərilən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.  İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Fond tərəfindən təşkil edilən təlimə cəlb olunurlar. Təlim bitdikdən sonra ən geci 10 gün müddətində Mərkəz tərəfindən imtahanın ikinci mərhələsinin keçirilmə vaxtı elan edilir. İmtahanın ikinci mərhələsi təlimin bitdiyi gündən ən geci 30 gün müddətində keçirilməlidir. İmtahanın ikinci mərhələsi təsdiq edilən təlim proqramına dair sualları əhatə edir.  İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahanın hər bir mərhələsi üçün ödəniş məbləği 80  manat (ƏDV daxil edilmədən) müəyyən edilir.

İmtahanın hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri var:

- qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;

- açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazılı formada ifadə olunması tələb olunan test tapşırıqları.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

- qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

- açıq tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla.

İmtahanın hər bir mərhələsi üzrə davametmə müddəti 3 saatdır. İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir və həmin baldan imtahanın birinci mərhələsi üzrə 60 faiz, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın ikinci mərhələsindən keçməyən namizədlərin növbəti 3 dəfə ikinci mərhələdə iştirak etmək hüququ var. Növbəti 3 (üç) dəfə ikinci mərhələdən keçə bilməyən namizədlər yalnız yenidən təlim prosesində iştirak etdikdən sonra imtahanın ikinci mərhələsinə buraxılırlar. Bu zaman onlar ödəniş edilməsini təsdiq edən sənədi Fonda təqdim etməlidirlər. İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Fonda təqdim olunur. İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir. İmtahanın nəticələri haqqında məlumat portalda yerləşdirilir.

İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Fond tərəfindən təşkil olunan təlimdə iştirak etmək üçün ödəniş edilməsini təsdiq edən sənədi 14 iş günü müddətində Fonda təqdim etməlidirlər. Bu tələbə əməl etməyən namizədlər təlimə buraxılmırlar. Təlimin keçirilməsi üzrə ödənişin məbləği Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Fond tərəfindən müəyyən olunur. 14 iş günü müddəti bitdikdən sonra Fond 10 gün müddətində ödəniş edilməsini təsdiq edən sənədi təqdim edən namizədləri təlimə cəlb edir. Fond tərəfindən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert - namizədlər üçün 104 saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert - namizədlər üçün 40 saat, akvakultura məhsulları üzrə ekspert - namizədlər üçün isə 20 saat olmaqla, təlim təşkil edilir. Namizədlər üçün təşkil olunan təlimin tədris proqramı, habelə nəzəri-metodoloji, pedaqoji – metodik vəsaitlər Fond tərəfindən təsdiq olunur və təlim prosesi nəzəri və tətbiqi məşğələləri əhatə edir. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert - namizədlərə təlim prosesi müddətində ən azı 16 saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert - namizədlərə təlim prosesi ərzində ən azı 4 saat, akvakultura məhsulları üzrə ekspert - namizədlərə təlim prosesi ərzində ən azı 2 saat olmaqla, təsərrüfat sahələrində təcrübə keçirlər. Təlimlər üçün ayrılmış ümumi saatların 10 faizindən çoxunda üzrlü səbəb olmadan iştirak etməyən namizədlər imtahanın ikinci mərhələsində iştirak etmək hüququnu itirirlər və sertifikat almaq  üçün yenidən imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Üzrlü səbəbdən təlimdə iştirak edə bilməyən namizədin növbəti təlimlərdə buraxılan dərsləri bərpa etmək hüququ var.

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Fond tərəfindən Mərkəzə göndərilir.