SIĞORTA

16 Mart

Koronavirusa görə sığorta şirkətlərinin İŞ QRAFİKİ

Koronavirus pandemiyası təkcə Azərbaycanda deyil, bütün dünyada bir sıra tədbirlər həyata keçirilir. Onlardan biri də "home-office" iş rejimidir. Dünya üzrə demək olar əksər şirkətlərin işçiləri evdən çalışırlar. Təbii ki, bu heç də bütün şirkətlər üçün mümkün variant deyil.

Fins.az olaraq, ölkəmizdə sığorta sistemində fəaliyyət göstərən şirkətlərdə koronavirusla mübarizə çərçivəsində vəziyyətin necə olduğunu öyrənmək qərarına gəldik.

Bir neçə şirkətlə əlaqə saxladıq: 

"Atəşgah" sığortadan məlumat verdilər ki, onlarda bütün işçilər iş yerinə gəlirlər. Lakin müştərilərlə təmasda olan işçilər mümkün olduğu qədər qorunmağa çalışırlar.

"Standart sığorta"da də vəziyyət oxşardır. Bütün əməkdaşlar işə gəlsələr də, vəziyyətlə əlaqədar qəbul edilmiş daxili qaydalara riayət edirlər. Məsələn, şirkətdə saat 15:00-dan sonra müştərilər qəbul olunmur.

"Paşa sığorta"dan bildirdilər ki, müştəri ilə birbaşa təmasda olan işçilər qoruyucu maskalardan, spirtdən istifadə edərək işləyirlər. Lakin "back office" işçiləri evdən çalışırlar. "Dost sığorta"nın əməkdaşları isə bu günlər ərzində yalnız evdən çalışmağa üstünlük verirlər.

"A-Group Sığorta"da əməkdaşlar həmişəki qaydada işə gəlirlər. Lakin işçilərdən kimsə səhhətində narahatlıq hiss edərsə, onun işə gəlməməsi tapşırılıb.

"Qala Həyat" sığorta şirkətinin iş qrafikində hər hansı bir dəyişiklik yoxdur. Amma əməkdaşlar müvafiq qaydalara və tövsiyələrə ciddi əməl etməklə işlərinə davam edirlər.

Tuncay Türbəndəzadə