SIĞORTA

12 Mart

Sığorta sektorunda dələduzlar ən çox bu yola əl atır - MÜSAHİBƏ

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Fuad İsmayılovun Fins.az-a verdiyi müsahibəni təqdim edirik.

- Sığorta sektorunda dələduzluqla bağlı fikirlənizi öyrənmək maraqlı olardı. Ən çox hansı hallara əl atılır?

- Baş verən dələduzluq hallarının təhlili göstərir ki, bu kimi neqativ halları əsasən iki növə bölmək olar: Əhalinin sığorta sahəsində, həmçinin hüquq sahəsində bilik və savadlarının kifayət qədər olmaması səbəbindən bəzən baş vermiş hadisə zamanı yararlanaraq artıq qazanc əldə etmək və ya sığorta təminatına düşmədiyi halda, dəymiş zərəri sığorta şirkətlərinin hesabına bərpa etmək məqsədilə müxtəlif yollara əl atırlar. Bu kimi hallar daha çoxluq təşkil edir və aşkarlandıqda vətəndaşlarla profilaktik söhbət edərək onlara bu kimi halların sığorta dələduzluğu olması və qanuna müvafiq məsuliyyət yaratması barədə maarifləndirici söhbət apardıqda onlar minnətdarlıq bildirərək tələblərindən imtina etmələri barədə arayış təqdim edir və gələcəkdə bu kimi hallara yol verməmələri barədə bildirirlər. Əfsuslar olsun ki, bəzi hallarda müştəri qeyri-səmimiyyət göstərdikdə və dələduzluğu sübut edən kifayət qədər şübhələr və dəlillər olduqda şirkətlər məcburiyyət qarşısında qalaraq qanunamüvafiq araşdırma aparılması üçün hüquq mühafizə orqanına müraciət etmək məcburiyyətində qalırlar.

İkinci növ dələduzluq halları isə sığorta şirkətinə ziyan vuraraq qeyri-qanuni yolla varlanmaq, qazanc əldə etmək məqsədilə öncədən planlaşdırılmış və müvafiq nəzarət qurumunun məsul şəxslərinin də aldadılması və ya iştirakı ilə həyata keçirilən hallardır. Bu kimi hallar aşkarlandıqda şirkətin daxilində müvafiq qurumlar tərəfindən qanunamüvafiq şəkildə araşdırma aparılaraq şübhələrə aydınlıq gətirilməsi üçün sübutlar toplanılır və hadisənin xüsusiyyətlərindən asılı olaraq müvafiq hüquq mühafizə orqanlarına rəsmi müraciət edilir. Bizim şirkətimizdə bu kimi hallarla barışmaz mübarizə mövqeyi dəstəklənir və hüquq mühafizə orqanları ilə aktiv əməkdaşlıq edilir.

- Şikayətlərin mexanizmi “Atəşgah” sığorta şirkətində necə qurulub?

- Şirkətimizdə şikayətlərə baxılması və cavablandırılması məsələsi müvafiq qanunvericilik və normativ aktların tələbi əsasında, həmçinin sığorta sektoruna nəzarət orqanının tələblərinə əsasən təşkil edilib. Belə ki şirkətdə şikayətlər üzrə məsul şəxs, şikayətlər üzrə komitə aktiv fəaliyyət göstərərək daxil olduğu kanaldan asılı olmayaraq bütün növ şikayətlərin vaxtında və keyfiyyətlə araşdırılması, təhlili, cavablandırılması işini həyata keçirir, müştəriləri qəbul edərək onları dinləyir və müraciətlərinin həllinin tapmasını təmin edirlər. Mütamadi İdarə Heyətinin iclaslarının gündəliyinə müştəri məmnunluğu və şikayətlərin təhlili və araşdırılması üzrə suallar daxil edilir, bu məsələlərə baxılır və idarəedici orqan işin planlaşdırılması zamanı bunu əsas tutur. Bundan başqa şirkətin rəhbərliyi müştəri və şikayətçiləri qəbul edib dinləmək üçün xüsusi günlər ayırıb.

- İnternetdə və sosial şəbəkələrdə aktivlik göstərən, təhlil edib araşdırma aparan mütəxəssislərlə bağlı məlumat verərdiniz.

- Qeyd olunan internet və sosial şəbəkələrdə hər hansı narazılıq və ya şikayətlərin təhlili, araşdırlması və cavablandırılması məsələsi bundan öncəki sualda qeyd etdiyim şikayətlərlə məşğul olan qurum tərəfindən həyata keçirilir. Bazarın təhlili, müştərilərin maraqlarının təhlil edilərək yeni məhsulların yaradılması üçün araşdırmaların aparılması, PR, loyallıq və s. məqsədlərlə isə PR və marketinq vəzifələrini həyata keçirən xidmət aktiv olaraq qeyd olunan resurslardan istifadə edir.

- Bir müddət əvvəl “Atəşgah” sığorta şirkətinin baş ofisində jurnalistlər üçün “Açıq Qapı” günü təşkil olunmuşdu. Bu barədə təəssüratınızı öyrənmək maraqlı olardı.

- Açıq Qapı gününün keçirilməsində əsas məqsəd iqtisadiyyat sahəsində fəaliyyət göstərən, maliyyə bazarında, həmçinin sığorta haqqında araşdırma, təhlil apararaq məqalələr tərtib edən  KİV nümayəndələrinin özlərinin  Sığorta Şirkətinin bir iş gününün öz gözləri ilə görməsi, proseslərin iştirakçısı olması,  onları və oxucularını maraqlandıran məqamlara yerində aydınılıq gətirərək  suallara cavab tapmaları olub. Təbii ki, həmçinin sığorta şirkətinin fəaliyyətini əks etdirən press-relizlər , KİV nümayəndələrinin sualları əsasında hazırlanmış məqalələr vasitəsilə əhalinin də diqqətinə sığorta şirkətinin fəaliyyəti, şirkətimizin uğur və nailiyyətləri, gördüyü layihələr və şirkətdəki əmək şəraiti və s. məqamlar barədə maarifləndirmə də məqsədlərdən biridir. Bu səbəbdən, “Açıq Qapı”da iştirak edən hər bir kəsə minnətdarlığımı bildirmək istəyirəm və inanıram kı, onlarla aktiv əməkdaşlıq nəticəsində sığorta sahəsində yaranan suallara ətraflı cavab tapacaqlar və nəticə etibarilə sığorta şirkəti ilə KİV nümayəndələri arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi sığorta bazarının inkişafı və insanların maariflənməsi işinə böyük töhfə verəcəkdir.

- Jurnalistlərə qısa olaraq şirkətin strateji planı haqqında məlumat verdiniz. Bu barədə bir az ətraflı danışa bilərsiniz?

- Bir çoxları maliyyə sektorunda strateji planlaşdırma dedikdə şirkətlərin əsas göstəricisi kimi yalnız maliyyə nəticələrini başa düşürlər. Srateji planlaşdırma zamanı şirkətin missiyası,vizyonu  və dəyərləri əsas götürülərək strateji planlaşdırma həyata keçirilib. Belə ki, peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi maliyyə müdafiəsi ilə təmin edərək, innovasiyalar sahəsində sektorda lider olaraq qalmaq, Dövlətimizin mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışaraq  qarşımıza qoyduğumuz maliyyə göstəricilərinə çatmaq əsas məqsədimizdir. Həmçinin sektorda ən yaxşı müştəriyönümlü, ən yaxşı işəgötürən, ən innovativ şirkət imicinə layiq olmaq strateji planlaşdırmada öz əksini tapır.

Tuncay Türbəndəzadə