SIĞORTA

02 Mart

Bu avtomobillərə kasko sığortası mümkün deyil - MÜSAHİBƏ

"Atəşgah Sığorta" şirkətinin sığorta risklərinin qiymətləndirilməsi idarəsinin rəisi Günel Rəhimovanın Fins.az-a verdiyi müsahibəni təqdim edirik

Hazırda bir çox sürücülər hələ də kasko və icbari sığortanın fərqini tam anlamır. Bunun səbəbi nədir?

Əvvəlki illərlə müqayisədə qeyd etmək olar ki, indi yerli sığorta bazarında daha qənaətbəxş vəziyyət müşahidə olunur. Hazırda istər yerli radio, istərsə də televiziya kanallarında sığorta  və müxtəlif sığorta növləri barədə demək olar ki, hər gün maarifləndirici proqramlar yayımlanır. Burada həmçinin sığorta şirkətləri  tərəfindən də sosial şəbəkələrdə aparılan təbliğat, maarifləndirmə işləri də xüsusi yer tutur. Düşünürəm ki, bu cür istiqamətdə davam olunsa, yaxın gələcəkdə sürücülər arasında bu fərqi  anlamayanların sayı kəskin azalacaq.

 Kasko sığorta könüllü və nisbətən bahalı olduğu üçün sürücülər bir o qədər də maraq göstərmir. Bunun həllini nədə görürsünuz?

Bildiyiniz kimi, kasko sığortasında tariflərin müəyyən edilməsi zamanı bir çox amillərin təsiri nəzərə alınır. Bura nəqliyyat vasitəsinin modeli, markası, istehsal ili, sürücünün yaşı, onun zərər tarixçəsi  və s. kimi amilləri aid etmək olar.  Tariflər müəyyən edilərkən  sığortaçını maraqlandıran əsas məqamlardan biri də nəqliyyat vasitəsinin  hansı məqsədlərlə istifadə edilməsidir. Burda əsas məqam avomobilin gün ərzində nə qədər istifadə edilməsidir. Təbii ki, ofis işçisinin avtomobili ilə ödənişli sərnişin daşıması ilə məşğul  olan şəxsin avtomobili arasında risk fərqlidir. Birində hadisənin baş vermə tezliyi aşağı, digərində isə əksinə yüksəkdir. Hazırda ölkəmizdə avtomobillərin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olan şirkətlərin, fiziki şəxsləri sayı artmaqdadır. Bu cür şirkətlərin, şəxslərin əksəryyəti icarəyə verdikləri avomobilləri sığorta şirkətlərində sığortlayırlar. Qeyd edim ki, bu növ müraciətlərin sayının çox olması ilə yanaşı  bu sahədə  təəssüf ki, zərərlilik də aşağı deyil. Zərərliliyin artması da uyğun olaraq sığorta tariflərinin yüksəlməsinə səbəb olur. Bir çox inkişaf etmiş ölkələrdə artıq telematikadan istifadə edilir. Məsələn, “sürdüyün qədər ödə”, yaxud “sürdüyün kimi ödə” yanaşması tətbiğ edilir. Düşünürəm ki, ölkəmizdə telematika texnologiyasının inkişaf etməsi sığorta tariflərinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

Kasko hansı halda məbləği ödəmir?

Məlum olduğu kimi, nəqliyyat vasitələrinin kasko sığortası yol-nəqliyyat hadisələrindən, təbii fəlakətlərdən, oğurluq hallarından və s. təminat verir. Lakin aşağıda qeyd etdiyim və qanunvericilikdə nəzərdə tutulan hallar baş verərsə, sığorta təminatı üzrə ödəniş verilmir:

- avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi; 

avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi; 

hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, tətillər, vətəndaş müharibəsi; 

sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi; 

avtomobilin sığorta ərazisindən kənarda istismar olunması;

avtomobilin cinayət məqsədilə istifadə edilməsi və s.

Hansı avtomobillərə, belə deyək də, kasko düşmür?

Yerli sığorta şirkətləri təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilən nəqliyyat vasitələrini kasko sığortasına qəbul etmirlər. Burda səbəb  yüksək riskin olmasıdır. İctimai yollarda özü gedə bilməyən, yaxud digər vasitə ilə məkana çatdırılan nəqliyyat vasitələrinin kasko sığortası üzrə sığortalamaq məqsədəuyğun deyil. Bura tırtıllı ekskavatorları aid edə bilərəm. Bunlardan başqa, sığortaçılar  istehsal ili köhnə olan avtomobilləri, yaxud retro avtomobilləri, məhdud sayda istehsal edilən  modelləri sığortalamağa üstünlük vermirlər. Burda əsas səbəb, avomobillə qəza baş verərsə, bu cür avtomobillərin ehtiyat hissələrinin  tapılmasında, dəymiş zərərin müəyyən edilməsində yarana biləcək çətinliklərdir.

Sığorta bazarında bəzi şirkətlər 2006-cı ildən aşağı olan avtomobilləri sığortalamırlar. Əksər şirkətlər isə istehsal tarixi 2008-ci ildən yuxarı olan avtomobilləri sığortalamağa razılıq verirlər. Bu barədə nə deyə bilərsiniz? 

Qeyd edim ki, sığorta şirkətlərinin bu məsələdə yanaşmaları müxtrəlifdir. Qeyd etdiyiniz kimi, bəzi sığortaçılar 2006-cı ildən, bəziləri isə 2008-ci ildən əvvəl istehsal edilmiş avtomobilləri sığortalamağı məqsədəuyğun hesab etmirlər. İstehsal illəri üzrə yanaşma müxtəlifliyi sığorta şirklətinin kasko portfelinin zərərliliyindən də asılı ola bilər. Sığortaçı olaraq qeyd edim ki, istehsal ili köhnə olan avtobillərin sığortalanması həm sığortalılara, həm də sığortaçılara baha başa gəlir. Bu cür avtobmobillərlə hadisə baş verən zaman ehtiyat hissələrinin tapılmasında məhudiyyət, sifariş etdikdə belə onların baha başa gəlməsi əsas problemlərdəndir. İstehsal  ili köhnə olan avtomobillər üzrə də tariflərin yüksək olması əlavə olaraq onunla izah olunur ki, yeni istehsal edilmiş avotmobillərdə təhlükəsizlik xüsusiyyətləri, məsələn arxa kameraların olması, avtomatik parklama və s. bu kimi xüsusiyyətlərin olması hadisələrin baş vermə ehtimalını azaldır, uyğun olaraq sığorta şirkətinin zərərlilik faizinə müsbət təsir göstərir. 

Avtomobilin bazar dəyəri necə ölçülür?

Avtomobilin bazar dəyəri  avtomobil dilerlərində, avtosalonlarda, internet portallarında müəyyən yer almış  veb-saytlarda, avtomobilin alışı-satışı zamanı açıq bazarlarda müəyyən edilə bilər. Dəyər müəyyən edilərkən avtomobilin  qət etdiyi məsafə, onun texniki vəziyyəti, əvvəllər qəza törətməsi xüsusi rol oynayır.

Tuncay Türbəndəzadə