SIĞORTA

29 Fevral

Pedaqoji Universitetdə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

ADPU-dan Fins.az-a bildirilib ki, tədbirin məqsədi iştirakçıları icbari tibbi sığorta sistemi, onun üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırmaq olub.

Mərasimdə çıxış edən universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb.

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları icbari tibbi sığorta sisteminin mahiyyəti, əhəmiyyəti, sistemin ölkə üzrə mərhələli şəkildə tətbiqi, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, müştərək maliyyələşmə məbləğinin tətbiqi və tibbi ərazi bölmələri barədə məlumat veriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.